Bakı. Trend:
XII Qlobal Bakı Forumunda “COP29: Belemə sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib.
Trend xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiyanın sabiq baş naziri Boris Conson panel müzakirəsində etdiyi videomüraciət zamanı bildirib ki, COP29 çərçivəsində Azərbaycan Paris Sazişinin icrası istiqamətində mühüm addımlar atıb.
Boris Conson Nizami Gəncəvi Beynəlxalq Mərkəzini uğurlu forum təşkilatçılığı münasibətilə təbrik edib və bu tədbirin dünya liderlərini, aparıcı siyasətçiləri və qanunvericiləri bir araya gətirdiyini vurğulayıb.
O qeyd edib ki, hazırda demokratiya uğrunda mübarizə aparanların yanında olmaq və eyni zamanda, ətraf mühitin mühafizəsi, eləcə də, emissiyaların azaldılması kimi qlobal problemlərə diqqət yetirmək vacibdir.
“Böyük Britaniyada biz COP26-ya sədrlik etdik və orada Qlazqo İqlim Sazişini təsdiqləməyi bacardıq. Bu isə nəticə etibarilə 90% ölkənin öz milli müəyyən edilmiş töhfələri çərçivəsində emissiyaların azaldılmasına dair öhdəlik götürməsinə səbəb oldu”,- deyə Conson bildirib.
O, həmçinin, COP26-da əldə olunan uğurlardan, o cümlədən, iqlimə karbon qazından daha çox təsir edən metan emissiyalarının azaldılmasına yönəlmiş Qlobal Metan Öhdəliyindən danışıb. Boris Conson vurğulayıb ki, Azərbaycanın SOCAR kimi şirkətləri bu müzakirələrdə mühüm rol oynayıb.
“Ölkəsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs o faktla razılaşır ki, emissiyaların azaldılması təkcə planetin qorunmasına deyil, həm də yeni iş yerlərinin açılmasına, investisiyaların artırılmasına və iqtisadi artıma töhfə verir”, - deyə o bildirib.
O əlavə edib ki, yeni enerji mənbələrinin yaradılması enerji təhlükəsizliyini təmin etməyə və enerji daşıyıcılarının qiymətlərdə ola biləcək dəyişkənliklərdən qorunmağa kömək edir.
“Mən həmişə onun tərəfdarı olmuşam ki, bütün ölkələr emissiyalarını azaltsın və paralel olaraq bundan iqtisadi baxımdan faydalansınlar”, - deyə Boris Conson qeyd edib.
O, rəhbərlik etdiyi "Better Earth" təşkilatının hökumətlər və beynəlxalq şirkətlərlə birgə emissiyaların azaldılması və bu prosesdən iqtisadi fayda əldə edilməsi istiqamətində çalışdığını bildirib.
Boris Conson, həmçinin "Better Earth"ün SOCAR və digər şirkətlərlə əməkdaşlığından məmnun olduğunu ifadə edərək, dayanıqlı yanacaq növlərinin istifadəsinin sürətləndirilməsi və təmiz hava layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“Better Earth" istənilən hökumət və ya təşkilatla əməkdaşlıq etməyə və birgə həll yolları axtarmağa hazırdır”, – deyə o çıxışını yekunlaşdırıb.
Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinosa qeyd edib ki, ölkələr milli müəyyən edilmiş töhfələr (NDC) çərçivəsində qoyulan hədəflərə nail olmaq və iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmaq üçün ambisiyalarını artırmalıdır.
“Biz öz inkişaf modellərimizi yenidən nəzərdən keçirməliyik, belə ki, iqlim danışıqları çərçivəsində biz faktiki olaraq həyat tərzini, həmçinin, istehsal və istismar yollarını müzakirə etmiş oluruq”, - deyə o bildirib.
Sabiq nazir vurğulayıb ki, illərdir aparılan səylərə baxmayaraq, karbon tullantılarının həcmi artmaqda davam edir.
“Ötən il NDC-lərin təqdim edilməsi üçün son tarix var idi, lakin cəmi 13 ölkə bu öhdəliyi yerinə yetirdi. Bununla belə, bir sıra ölkələr, o cümlədən, Ekvador öz öhdəliklərini yerinə yetirmək üçün işlərini davam etdirdi”, - deyə Maria Fernanda Epinosa əlavə edib.
O, həmçinin, çoxtərəfli yanaşmanın və “ortaq, lakin fərqləndirilmiş öhdəliklər” prinsipinin əhəmiyyətinə diqqət çəkib, xüsusilə də Ekvador kimi aşağı karbon izi olan ölkələr üçün.
“Əgər bütün ölkələr NDC öhdəliklərini yerinə yetirsə belə, qlobal istiləşməni 1,5°C civarında məhdudlaşdırmaq üçün bu yetərli olmayacaq. Biz karbon neytrallığına nail olmaq üçün ambisiyalarımızı artırmalıyıq”, – deyə o bildirib.