Bakı. Trend:
Ölkələr milli müəyyən edilmiş töhfələr (NDC) çərçivəsində qoyulan hədəflərə nail olmaq və iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmaq üçün ambisiyalarını artırmalıdır.
Trend xəbər verir ki, bunu Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinosa XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “COP29: Belemə sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda keçirilən panel müzakirəsində etdiyi çıxışda bildirib.
“Biz öz inkişaf modellərimizi yenidən nəzərdən keçirməliyik, belə ki, iqlim danışıqları çərçivəsində biz faktiki olaraq həyat tərzini, həmçinin, istehsal və istismar yollarını müzakirə etmiş oluruq”, - deyə o bildirib.
Sabiq nazir vurğulayıb ki, illərdir aparılan səylərə baxmayaraq, karbon tullantılarının həcmi artmaqda davam edir.
“Ötən il NDC-lərin təqdim edilməsi üçün son tarix var idi, lakin cəmi 13 ölkə bu öhdəliyi yerinə yetirdi. Bununla belə, bir sıra ölkələr, o cümlədən, Ekvador öz öhdəliklərini yerinə yetirmək üçün işlərini davam etdirdi”, - deyə Maria Fernanda Epinosa əlavə edib.
O, həmçinin, çoxtərəfli yanaşmanın və “ortaq, lakin fərqləndirilmiş öhdəliklər” prinsipinin əhəmiyyətinə diqqət çəkib, xüsusilə də Ekvador kimi aşağı karbon izi olan ölkələr üçün.
“Əgər bütün ölkələr NDC öhdəliklərini yerinə yetirsə belə, qlobal istiləşməni 1,5°C civarında məhdudlaşdırmaq üçün bu yetərli olmayacaq. Biz karbon neytrallığına nail olmaq üçün ambisiyalarımızı artırmalıyıq”, – deyə o bildirib.