Bakı. Trend:
Yeni texnologiyalardan istifadənin nəticələrinə daha çox diqqət yetirmək vacibdir və bugünkü panel bu mövzuda düşünmək üçün faydalı ideyalar təqdim edir.
Trend xəbər verir ki, bunu bu gün Monteneqronun keçmiş müdafiə naziri Miliça Peyanoviç-Durişiç XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel müzakirəsində deyib.
"O qeyd edib ki, Parisdə keçirilən son sammitdə innovasiyalar, inkişaf və texnologiyalar müzakirə olunsa da, süni intellektlə bağlı təhlükəsizlik, məxfilik və risklər məsələləri arxa planda qalıb. Bu, narahatlıq doğurur, çünki innovasiya ilə cəmiyyətin mümkün mənfi nəticələrdən qorunması arasında balans tapmaq lazımdır," – deyə o bildirib.
Miliça Peyanoviç-Durişiç həmçinin vurğulayıb ki, Avropa İttifaqı süni intellektin tənzimlənməsi istiqamətində səylər göstərsə də, mövcud siyasətdə edilən dəyişikliklər bu texnologiya üzərində nəzarəti zəiflədə bilər.
"Avropa İttifaqı süni intellektin tənzimlənməsi sahəsində liderlərdən biri olub, lakin indi müzakirə edilən dəyişikliklər bu qaydaları yumşalda bilər. Bu isə iri şirkətlərin təsirini artıraraq təhlükəsizlik risklərinə səbəb ola bilər,"- deyə o əlavə edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.