Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) 1 yanvar 2020-ci ildən 31 dekabr 2024-cü ilədək Azərbaycanda ümumi dəyəri 865 milyon ABŞ dollarından çox olan layihələrin birgə maliyyələşdirilməsində iştirak edib
Bu barədə Trend Bankın son hesabatına istinadən xəbər verir.
Hesabatda vurğulanır ki, AİB-in Azərbaycanla tərəfdaşlığı bir sıra təşəbbüslər çərçivəsində dayanıqlı inkişafın, iqtisadi artımın və infrastrukturun yaxşılaşdırılmasının dəstəklənməsinə yönəlib.
Belə ki, AİB ümumi dəyəri 176,78 milyon ABŞ dolları olan 6 suveren layihəni dəstəkləyib; kredit əsasında həyata keçirilən 2 layihəyə 175 milyon ABŞ dolları ayırıb; 1,78 milyon ABŞ dolları dəyərində 4 texniki yardım layihəsi həyata keçirib və 513,89 milyon ABŞ dolları məbləğində 5 qeyri-suveren layihəni maliyyələşdirib.
Qeyri-suveren investisiyaların əhəmiyyətli payı – 513 milyon ABŞ dollarından çox – Azərbaycanda özəl sektorun cəlb edilməsinə və dövlət-özəl tərəfdaşlıqlarının inkişafına artan diqqəti nümayiş etdirir. Eyni zamanda, suveren layihələr dövlət sektorunun ehtiyaclarının, xüsusilə infrastruktur, nəqliyyat və enerji sahələrində, həllində mühüm rol oynamaqda davam edir.
Qeyd edək ki, Asiya İnkişaf Bankı 1999-cu ildən Azərbaycanla əməkdaşlıq edir və ölkənin iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və inklüziv inkişafın təşviqi sahəsindəki səylərini dəstəkləməyə davam edir.