...

İranın Şərqi Azərbaycan vilayəti İran-Azərbaycan arasında böyük əhəmiyyət kəsb edən Araz dəhlizini diqqətdə saxlayır – Vali (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 2 May 2025 08:00 (UTC +04:00)
İranın Şərqi Azərbaycan vilayəti İran-Azərbaycan arasında böyük əhəmiyyət kəsb edən Araz dəhlizini diqqətdə saxlayır – Vali (ÖZƏL MÜSAHİBƏ)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Şərqi Azərbaycan vilayəti yerləşdiyi coğrafiya, bir çox sahələrdə sahib olduğu imkanlar, Azərbaycanla uzun sərhədi və Araz dəhlizinə sahib olması ilə böyük potensiala sahibdir. Biz bu dəhlizin aktivləşməsi və fəaliyyət göstərməsini ciddi şəkildə diqqət mərkəzində saxlayırıq. Bu çərçivədə Ağbənd-Kəlalə terminalının fəaliyyətə başlaması, davamında Culfa terminalının da istifadəyə verilməsi önəmli layihələrdir.

Bunu Trend-ə özəl müsahibəsində İranın Şərqi Azərbaycan vilayətinin valisi Bəhram Sərməst deyib.

Sərməst bildirib ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana tarixi səfərini bir çox cəhətdən önəmli hesab etmək olar:

"Bu səfər çərçivəsində ticarət sahəsində böyük heyət də Azərbaycana gəldi. Eyni zamanda, Azərbaycanla sərhəddə yerləşən 4 vilayət (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan) valisinin də Azərbaycana səfər etməsi yüksək əhəmiyyət kəsb edirdi".

Onun sözlərinə görə, İran və Azərbaycan tarixi, mədəni bağlara sahibdir.

"İki ölkənin əvəzolunmaz birgə iqtisadi mənafeyi var. Səfər çərçivəsində iki ölkə prezidentinin iştirakı ilə bir sıra önəmli sənədlər imzalandı. Bu sənədlərdə iki ölkənin əməkdaşlığı çərçivəsində sərhəd vilayətlərlə əlaqələrin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

Təbriz mərkəz olmaqla, Şərqi Azərbaycan vilayətinin Azərbaycanla bir çox əvəzolunmaz bağları vardır. Şərqi Azərbaycan vilayətinin bir çox sahələrdəki imkanları ilə iki ölkə arasındakı əlaqələr daha yüksək səviyyəyə irəliləyə bilər. Bu, həm də sərhəd bölgələrdə əhalinin rifahının yaxşılaşmasına öz töhfəsini verə bilər. Şərqi Azərbaycan vilayətində turizmin inkişafı və birgə investisiya diqqət mərkəzində saxlanıla biləcək məsələlərdəndir.

Həm Azərbaycanda fəaliyyət göstərən iranlı investorlar, həm də azərbaycanlı investorlar iki ölkə arasında, əsasən də, sərhəd vilayətlərlə iqtisadi və ticarət əlaqələrinin inkişafına öz töhfəsini verə bilərlər.

İki ölkə arasında iqtisadi münasibətlərlə yanaşı, mədəniyyət əlaqələri də inkişaf edə bilər. Qarşılıqlı şəkildə ədəbi və incəsənət xadimlərinin iştirakı ilə tədbirlərin təşkil olunması əlaqələrin inkişafına təkan verə bilər. Qonşu ölkələr arasında İranın ən çox ortaqlıqları olan ölkələrdən biri Azərbaycandır. Bununla əlaqədar İran prezidenti Məsud Pezeşkian İran vilayətlərinin valiliklərinə müxtəlif səlahiyyətlər verib.

İranın Azərbaycanla sərhəd vilayətləri İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın əldə etdikləri anlaşmalar çərçivəsində vilayətlərə aid olan səviyyədə diqqət mərkəzində saxlamalıdırlar.

Bakıda keçirilən görüşlərdə müxtəlif sahələrdə, o cümlədən, iqtisadi və ticarət sahələrində anlaşmaların diqqət mərkəzində saxlanılması və icra olunması üzrə razılaşma əldə olunub. Gələcəkdə ticarət və iqtisadi sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səfərlər və razılaşmalar diqqət mərkəzində saxlanılacaq ki, biz praktiki və hiss olunacaq nəticələri əldə edə bilək”, - deyə o bildirib.

Vali əlavə edib ki, eyni zamanda, Araz Azad Ticarət Zonasının Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərməsi bir çox imkanlar yarada bilər.

"Belə ki, iki ölkə arasında sərhəd bazarları fəaliyyətə başlaya, həmçinin, azad ticarət zonalarında birgə işlər görmək olar.

Şərqi Azərbaycan vilayətinin sənaye sektorunda ciddi imkanları olduğuna görə, sənaye parklarında ortaq işlərin həyata keçirilməsi istiqamətində işlər görmək olar. Bu istiqamətdə hər iki ölkənin investorları daha aktiv ola bilərlər.

Şərqi Azərbaycan vilayəti ilə univestitet əməkdaşlığı, tələbə mübadiləsi üzrə prosedur qaydaları sadələşdirmək olar.
Təbriz-Bakı və əks istiqamətdə hava reyslərinin yenidən bərpa olunması diqqət mərkəzində saxlanılır. Bu vasitə ilə həm vətəndaşlar, həm də iş adamları asanlıqla Təbriz və Bakıya səfər edə biləcəklər.

Cənab Pezeşkian bir çox tədbirlərdə, hətta Bakıda məşhur şair Məhəmməd Hüseyn Şəhriyardan sitatlar gətirir. Bu şairin bölgədə daha çox məşhurlaşdığını nəzərə alaraq, Təbrizdə Beynəlxalq Şəhriyar Konqresinin keçirilməsi nəzərdə tutulub. Həmin tədbirdə Azərbaycandan da şairlər, mədəniyyət xadimləri və rəsmilərin iştirakı planlaşdırılır”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti