Bakı. Trend:
Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) müvafiq işlər görülməkdədir. 1-ci 60 hektar ərazi 2023-cü ilin iyun ayında rəsmi olaraq investorlar üçün açılıb. Burada investorlar üçün müvafiq infrastruktur qurulub.
Trend xəbər verir ki, bu sözləri Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bu gün Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, artıq demək olar ki, 60 hektarlıq ərazidə boş yer qalmayıb: “Ağır sənaye üçün isə 364 hektarda inşaat işlərinə başlamışıq. Ələt-Azad İqtisadi Zonasının Qanunvericiliyini hazırlayanda bir sıra ölkələrin təcrübəsini nəzərə almışıq. Belə ki, İrlandiya, Sinqapur, Çin kimi ölkələrin paytaxtlarında həyata keçirilən Azad İqtisadi Zonaların təcrübəsinə əsaslanmışıq. Bu qanunvericiliklə Ələt Azad İqtisadi Zonalar eksterritorial ərazi sayılır. Azad İqtisadi Zonaların idarəedici orqanı müstəqil bir qurumdur. Bu o deməkdir ki, bürokratik maneələr olmadan, bizim maraqlarımıza və tələblərimizə uyğun investorlar üçün şərait yaradılır”.
V. Ələsgərovun sözlərinə görə, ikinci önəmli məsələ isə vergi güzəştləri və gömrük keçid prosedurlarının sadələşdirilməsidir: "Bu iqtisadi zonanın gömrük keçid məntəqəsi də azaldılmış prosedurlar təqdim edir. Burada fəaliyyət göstərən səlahiyyətli qurumların əməkdaşları bizim təsdiq etdiyimiz qaydalara uyğun olaraq əməliyyatlar həyata keçirirlər.
Qeyd etdiyim kimi, biz ƏAİZ-ə iтvestorları cəlb etmək üçün müvafiq addımlar atırıq. Bəs hansı investorlar cəlb edilir? Burada əsas prioritet yüksək əlavə dəyərli, ixracyönümlü istehsal fəaliyyəti ilə məşğul olan investorlar üçündür.
İxracyönümlü istehsal o deməkdir ki, istehsal olunan məhsulun ən azı 75%-i ixrac edilməlidir. Bunu biz icad etməmişik – bu, İrlandiya, Sinqapur və digər ölkələrin təcrübəsinə əsaslanır. Əks halda, başqa ölkələrin təcrübəsi göstərir ki, yüzlərlə kiçik müəssisə yaradılır və Azad İqtisadi Zonanın üstünlüklərindən istifadə edərək, əsas iqtisadiyyatda fəaliyyət göstərən şirkətlərə problemlər yaradırlar".
"Bu səbəbdən biz investor seçimində bu tələbləri önə çəkirik. İnvestorlar seçilərkən keyfiyyət, təhlükəsizlik və ətraf mühitin qorunması məsələlərinə xüsusi diqqət yetirilir. Ətraf mühitin qorunması məsələsində Avropa İttifaqının standartlarına uyğun işlər görülür", - ƏAİZ rəsmisi vurğulayıb.
"Bundan başqa, bu gün Ələt Azad İqtisadi Zonasında artıq hava limanı inşa edilir. Əvvəlcədən nəzərdə tutulmuşdu ki, bu yük hava limanı olacaq. Ancaq indi qərara gəlinib ki, bu, beynəlxalq hava limanı olacaq. Niyə bunu qeyd edirəm? Çünki bu, investorlar üçün də əhəmiyyətlidir. Bildiyiniz kimi, Ələt-Azad İqtisadi Zonası Beynəlxalq Nəqliyyat Dəhlizlərinin kəsişməsində yerləşir. Hava limanının tikintisi başa çatdıqdan sonra investorlarımız üçün bütün nəqliyyat-logistika məsələlərinin həlli çox sadə və əlverişli olacaq.
Bununla yanaşı, Ələt-Azad İqtisadi Zonasının ərazisində Nəqliyyat-Logistika Mərkəzi də fəaliyyət göstərir və artıq bu gün bizim investorlar üçün lazımi xidmətləri göstərir. Mənim sizinlə görüşümün məqsədi də ondan ibarətdir ki, Azərbaycanda bu fəaliyyətlə məşğul olan, hal-hazırda fəaliyyət göstərən yerli və xarici iş adamlarını bu təşəbbüsə qoşulmaq üçün Ələt-Azad İqtisadi Zonasına dəvət edim.
Çünki Azərbaycanda əczaçılıq məhsullarının istehsalını təmin etmək lazımdır. Müraciətlər çoxdur, lakin gərək qablaşdırma ilə də məşğul olaq. Qablaşdırmanın müddəti uzun olmur. Ona görə də bu təşəbbüsü də nəzərdən keçirmək lazımdır”, - deyə V. Ələsgərov qeyd edib.