...

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP30-a hazırlıq çərçivəsində Braziliyaya təcrübə mübadiləsi səfəri edib

İqtisadiyyat Materials 6 May 2025 13:09 (UTC +04:00)
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP30-a hazırlıq çərçivəsində Braziliyaya təcrübə mübadiləsi səfəri edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndə heyətinin Braziliyaya işgüzar səfəri uğurla tamamlanıb.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, COP30 komandasının dəvəti əsasında baş tutan səfər COP sədrlikləri arasında təşkilati əməkdaşlığın gücləndirilməsi və müvafiq təcrübə mübadiləsinə dəstək məqsədi daşıyıb.

Proqram çərçivəsində Braziliya Federativ Respublikasının Prezidentliyi nəzdində fəaliyyət göstərən COP30 Katibliyi (SECOP) nümayəndələri ilə koordinasiya görüşləri keçirilib. Görüşlər Braziliyanın paytaxtında yerləşən Palacio do Planalto-da baş tutub.

Səfər zamanı COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova və heyətin digər üzvləri COP-un təşkilinə dair layihə idarəetməsi, tədbir infrastrukturu, könüllülərin idarəolunması, qonaqlama, media əməliyyatları və yayım infrastrukturu, dayanıqlılıq və müyəssərlik kimi vacib təşkilati məqamları qarşı tərəflə bölüşüblər.

Səfər çərçivəsində həmçinin Para ştatının Belem şəhərində yerləşən COP30-un keçiriləcəyi məkana baxış keçirilib. Bu əməkdaşlıq, hər iki ölkənin iqlim sammitlərinin ardıcıl və səmərəli planlaşdırılmasına və inklüziv yanaşmaya verdiyi əhəmiyyətin göstəricisidir. Belem şəhərində COP29 nümayəndə heyəti Para ştatının hökumət nümayəndələri, COP30 Katibliyi (SECOP) və şəhərin icra orqanları ilə görüşlər keçirərək tədbirin yerli səviyyədə koordinasiyasının yaxşılaşdırılmasına töhfə veriblər.

COP29 və COP30 komandaları arasında baş tutan bu təcrübə mübadiləsi ev sahibi ölkələr arasında əməkdaşlığın institusional səviyyədə qurulması istiqamətində ortaq baxışı əks etdirir. COP29 Sədrliyi qlobal iqlim prosesinə səmərəli keçid və davamlılığın təmin olunmasına sadiqliyini bir daha göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti