Bakı. Trend:
Özbəkistan Asiya İnkişaf Bankının (AİB) Milanda keçirilən 58-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Gələcək Ev Sahibi Ölkə” tədbirində iqtisadi islahat nailiyyətlərini və regional əməkdaşlığa dair baxışını təqdim edib.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, AİB-in növbəti – 59-cu illik iclası 2026-cı ildə Özbəkistanın qədim Səmərqənd şəhərində keçiriləcək.
Tədbirdə çıxış edən Baş nazirin müavini Cəmşid Xocayev İtaliya hökumətinə səmimi ev sahibliyinə, AİB-ə isə uzunmüddətli və məhsuldar tərəfdaşlığa görə təşəkkürünü bildirib. O qeyd edib ki, Özbəkistanda aparılan sosial-iqtisadi islahatlar daha əhatəli və dayanıqlı bir dövlətin qurulmasına xidmət edir.
“Dünyada qeyri-müəyyənliklərin, geosiyasi gərginliklərin, iqtisadi dalğalanmaların, enerji və ərzaq çatışmazlığının artdığı bir dövrdə, biz ölkəmizdə köklü dəyişikliklər həyata keçirmişik. ÜDM həcmi iki dəfə artaraq 100 milyard dolları keçib. Yoxsulluq səviyyəsini son dörd ildə 23%-dən 11%-ə endirmişik, bu ili isə 9%-lə başa vurmağı, 2030-cu ilə qədər isə iki dəfə azaltmağı hədəfləyirik,” – deyə Xocayev bildirib.
O əlavə edib ki, Özbəkistan bu məqsədlə geniş sosial proqramlar həyata keçirir: keyfiyyətli təhsil və səhiyyəyə çıxışın artırılması, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi və ən geridə qalmış bölgələrdə infrastrukturun qurulması əsas istiqamətlərdəndir.
Çıxışının sonunda Xocayev AİB-in bütün üzvlərini 2026-cı ildə Səmərqənddə keçiriləcək toplantıya dəvət edib: “Səmərqənd İpək Yolunun mirvarisi, tarix və tərəqqinin qovuşduğu məkandır. Bu şəhər regional əməkdaşlığın və davamlı inkişafın gələcəyini birlikdə formalaşdırmaq üçün ideal platforma olacaq.”
AİB prezidenti Masato Kanda da tədbirdə çıxış edərək, Özbəkistanın 2010-cu ildə Daşkənddə ilk dəfə AİB-in toplantısına ev sahibliyi etdiyini xatırladıb və bildirib ki, 2026-cı ildə Səmərqənd bu mühüm tədbirə ilk dəfə ev sahibliyi edəcək: “Səmərqənd, insanlığın gələcəyini düşünmək üçün mükəmməl bir yerdir. Bu tarixi şəhərdə əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik.”