Bakı. Trend:
Son illər Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan iqtisadiyyatına 200-ə yaxın layihə çərçivəsində 4 milyard dollardan çox investisiya qoyub.
Trend xəbər verir ki, bunu AYİB Azərbaycandakı rəhbəri Natalya Muravidze Londonda keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və dayanıqlı bağlantı üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində çıxış edərkən bildirib.
Muravidze çıxışında vurğulayıb ki, bank uzun illərdir ölkədə iqtisadi transformasiyanın dəstəklənməsində əsas rol oynayır.
“Artıq uzun müddətdir ki, Azərbaycanın daha dayanıqlı, inklüziv və şaxələndirilmiş iqtisadiyyata keçidində etibarlı tərəfdaşı olmuşuq. Bizim investisiyalarımız enerji və infrastrukturdan tutmuş maliyyə institutları və kiçik və orta biznesə qədər geniş sektorları əhatə edir”, – deyə o bildirib.
Muravidzenin sözlərinə görə, dayanıqlı inkişaf AYİB-in Azərbaycandakı fəaliyyətində təməl prinsip olaraq qalır: “Biz dayanıqlılığı, “yaşıl” innovasiyaları və səmərəli idarəçiliyi fəaliyyətimizin mərkəzində saxlayırıq”.
Son illərdə bank ölkədəki fəaliyyətini, xüsusilə “yaşıl” iqtisadiyyat sahəsində daha da genişləndirib.
“Son üç il ərzində biz investisiyaların həcmini davamlı şəkildə artırmışıq və təkcə ötən il təxminən 200 milyon avro həcmində vəsait yatırmışıq”, – deyə nümayəndəlik rəhbəri qeyd edib. – “Xüsusilə qürur duyuram ki, bu investisiyaların 80 faizi məhz “yaşıl” iqtisadiyyat sahəsindəki layihələrə yönəlib”.
AYİB maliyyələşmə ilə yanaşı, həm də islahatlar və siyasətlərin hazırlanması prosesində fəal iştirak edir.
“Bunu qeyd etmək çox vacibdir ki, bizim təsirimiz təkcə investisiya dəstəyi ilə məhdudlaşmır. Biz bir sıra əsas təşəbbüslərin– Azərbaycanda ilk dəfə keçirilmiş bərpa olunan enerji mənbələri üzrə hərracdan tutmuş perspektivli hidrogen strategiyasının formalaşdırılması, dövlət-özəl sektorun tərəfdaşlığı haqqında qanunvericiliyin hazırlanması və Gəncə şəhərində “yaşıl şəhər” layihəsinin planlaşdırılmasına qədər - hazırlanmasında iştirak etmişik”, – deyə Muravidze vurğulayıb.