Bakı. Trend:
Ötən ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 6,6 milyard manat məbləğində vəsait ayrılıb ki, bu da 2023-cü illə müqayisədə 707,4 milyon manat və ya 12,1 faiz çoxdur.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, bu xərclər ÜDM-in 5,2 faizini (2023-cü illə müqayisədə 0,4 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin isə 17,4 faizini (2023-cü illə müqayisədə 1,3 faiz-bənd çox) təşkil edib.
Hesabat dövründə dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 3,5 milyard manat vəsait yönəldilib.
2024-cü ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 21,7 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5 milyon manat və ya 29,9 faiz çoxdur.