Bakı. Trend:
“Anglo Asian Mining” şirkəti Azərbaycanın Dəmirli mədənindən 2025-ci ildə konsentrat şəklində təqribən 4 000 tonn mis istehsal olunacaq.
Trend bu barədə şirkətə istinadən xəbər verir.
“2026-cı ildən başlayaraq istehsalatın təxminən illik 15 000 ton misə qədər artırılacağı gözlənilir. Yatağın istismar müddəti geoloji və mineral-faydalı qazıntı modelinin hazırlanmasından sonra müəyyənləşdiriləcək”, - deyə şirkətdən bildiriblər.
Qeyd olunur ki, Dəmirli layihəsi üçün ərazi şirkətə verildikdən sonra aparılmış ilkin ekoloji tədqiqatlardan sonra ətraf mühitə və sosial sahəyə təsirin tam qiymətləndirilməsi (ESIA) həyata keçirilib.
“Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə (ESG) prinsiplərinə yönəlik fəaliyyətimizə uyğun olaraq, “Anglo Asian” bu yaxınlarda dağ-mədən sənayesi üçün ESG hesabatlılığı və müqayisəli təhlil xidmətləri göstərən müstəqil provayder olan “Digbee Limited” şirkətindən dayanıqlı inkişaf üzrə ilk qiymətləndirməsini alıb. Bu barədə 2025-ci il iyunun 24-də elan olunub”, – deyə şirkətdən qeyd edilib.
“Anglo Asian” şirkəti vurğulayıb ki, Dəmirli yatağında əlavə faydalı qazıntı ehtiyatlarının aşkarlanması üçün əhəmiyyətli potensial mövcuddur. Artıq yaxınlıqda gələcək qiymətləndirmə üçün digər mis yataqları da müəyyən edilib. Gələcəkdə regional geoloji kəşfiyyat proqramı həyata keçiriləcək.