Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO rəqəmsallaşma strategiyasına uyğun olaraq hazırladığı “ASCO Management Dashboard” platformasının demo versiyasını təqdim edib.
Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev vurğulayıb ki, “ASCO Management Dashboard” şirkətin innovasiya və rəqəmsallaşma sahəsində həyata keçirdiyi mühüm layihələrdən biridir. O bu kimi müasir alətlərin idarəetmədə səmərəliliyin və effektivliyin, eləcə də operativlik və şəffaflığın daha da artırılmasına, həmçinin məlumat əsaslı qərar qəbuluna mühüm töhfə verdiyini qeyd edib. Sədr əlavə edib ki, rəqəmsal idarəetmə vasitələri sayəsində fəaliyyətlərin izlənməsi, hesabatlılıq və analitik təhlil imkanları həm daxili nəzarəti gücləndirir, həm də tərəfdaşlarla münasibətlərin daha şəffaf və açıq qurulmasına şərait yaradır.
Rauf Vəliyev ASCO-nun rəqəmsal mühitinə əlavə olunan yeni elektron məhsulun ərsəyə gəlməsində əməyi olan komanda üzvlərini təbrik edib və onlara təşəkkürünü bildirib.
Daha sonra ASCO-nun İdarə Heyəti sədrinin müavini Tariyel Mirzəyev “ASCO Management Dashboard” platformasının demo versiyasının texniki imkanlarını təqdim edib. O bildirib ki, platformanın əsas məqsədi bütün əsas fəaliyyət istiqamətləri üzrə vacib göstəricilər və indikatorları real vaxt rejimində vahid məkanda konsolidasiya olunmuş şəkildə təqdim etməkdir. Platforma məlumatların təhlilində çoxsəviyyəli və dərin yanaşma təmin edir, istifadəçiyə ümumi göstəricilərdən başlayaraq məlumat ierarxiyası üzrə daha aşağı pillələrədək düşməyə, gəmi, personal və daşımalar üzrə detallı analiz aparmağa imkan yaradır. Bu isə ASCO-da müxtəlif rəhbərlik səviyyələrində idarəetmə üçün vacib məlumatların vizual, infoqrafik və anlaşılan formada əlçatanlığını artırır.
Layihə çərçivəsində 16 modul hazırlanıb. Bunlar arasında donanma və onun mövqeyi, əməliyyat və maliyyə nəticələri, rəhbərlik üçün xülasə, gəmi qrupları üzrə hesabatlar, gəmi təmiri və tikintisi, insan resursları, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (KSƏTƏMM), satınalmalar, risklərin idarə olunması, əsas səmərəlilik və performans göstəriciləri (KPI), informasiya texnologiyaları, istehsalat sahələrinin canlı müşahidə və monitorinqi kimi əsas istiqamətlər xüsusi yer alıb.
Təqdimat zamanı əməkdaşlara platformadan istifadə qaydaları, məlumat və hesabatların həcmi barədə geniş məlumat verilib. Qeyd olunub ki, əməkdaşların rəy və təklifləri əsasında platformanın funksionallığı təkmilləşdirilərək, “Dashboard” qısa zamanda tam istifadəyə veriləcək.
Qeyd edək ki, “ASCO Management Dashboard” platformasının yaradılması prosesi şirkətin daxili resursları və mütəxəssisləri tərəfindən beynəlxalq təcrübə öyrənilərək həyata keçirilib. Yeni sistem 2014-cü ildən ASCO-da istifadə olunan SAP və donanmanın idarə olunması üçün Gəmiçilikdə tətbiq edilən “Fleet” sistemlərinin bazası üzərində qurulub.