...

Azərbaycanın startapları 2022–2024-cü illərdə qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb ediblər

İqtisadiyyat Materials 20 Avqust 2025 10:24 (UTC +04:00)
Azərbaycanın startapları 2022–2024-cü illərdə qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq ekosistem quruculuğuna olan yanaşmamızın mərkəzində startaplar durur. Qlobal təcrübə də sübut edir ki, məhz onlar innovasiyanın aparıcı gücüdür.

Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat günündə deyib.

O bildirib ki, startaplar dünya üzrə vençur kapitalının böyük qismini özünə cəlb edə bilir: "Misal üçün, təkcə 2024-cü ildə Amerika Birləşmiş Ştatlarında vençur investisiyalarının ümumi həcmi 209 milyard dollar təşkil edib və bu məbləğdən 190 milyardı məhz startaplara yatırılıb".

Sədr vurğulayıb ki, son illərdə Azərbaycanda da startap ekosisteminin gücləndirilməsi istiqamətində məqsədyönlü və sistemli addımlar atılıb: "Ekosistemi bir çətir altında birləşdirən Agentlik olaraq yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyimiz proqramlar nəticəsində artıq konkret nəticələrə nail olmuşuq. Belə ki, 2022–2024-cü illər ərzində yerli startaplarımız müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb ediblər. Bu, həm ölkəmizin innovasiya potensialına olan inamın göstəricisidir, həm də həyata keçirdiyimiz təşəbbüslərin real nəticəsidir".

F. Osmanov qeyd edib ki, onlar agentlik olaraq, o cümlədən, bir neçə ildir ki, inkubasiya və akselerasiya proqramlarının təşkili istiqamətində fəal şəkildə çalışır: "Bu il iki mühüm akselerasiya proqramına imza atmışıq. Bunlardan biri Sabancı ARF və Viveka ilə birgə reallaşdırdığımız 4+1 ClimAccelerator proqramıdır. Proqramın məqsədi iqlim innovasiyalarını təşviq etmək və region ölkələri arasında əməkdaşlıq platforması yaratmaqdır. Nəticələr kifayət qədər təsirlidir: 14 ölkədən 150-dən çox müraciət qəbul olunub, 56 startap B2B formatına uyğunlaşdırılıb, 10 startap COP29 çərçivəsində Bakıda təqdim olunub. İstanbulda keçirilmiş bağlanış mərasimində AZIRRIGATION adlı yerli startap 50,000 avro qrantla mükafatlandırılıb".

F. Osmanov bildirib ki, digər təşəbbüs isə Startup Wise Guys akseleratoru ilə birlikdə keçirilən, SaaS istiqamətli beynəlxalq akselerasiya proqramıdır: "Məqsədimiz bu sahədə fəaliyyət göstərən yerli startapların qlobal bazarlara çıxışını və rəqabət qabiliyyətini gücləndirməkdir.
Eyni zamanda biz startapların yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da tanıdılması üçün dəstək göstəririk. “Roadshow” layihəsi çərçivəsində müxtəlif startaplarımızın beynəlxalq tədbirlərdə iştirakı təmin olunub, şəbəkələşmə və investorlarla əlaqələrin qurulması üçün şərait yaradılıb".

"Bu gün ölkəmizin hər yanında yaradılmış güclü rəqəmsal infrastruktur innovativ düşüncəli icmaların böyüməsi üçün real imkanlar yaradır. İnnostart layihəsinin də məqsədi bu potensialı reallaşdırmaq, innovativ yanaşması ilə öz bölgəsinin iqtisadiyyatına müsbət töhfə vermək istəyən startapları dəstəkləməkdir.
Bu layihə son 3 ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə reallaşdırılmışdır. 2024-2025 – ci illərdə layihənin əhatə dairəsinin genişləndirilməsi ilə 4 region, 20 şəhər və bir rayonda innovasiya yönümlü fəaliyyət həyata keçirilmişdir. Layihə çərçivəsində ümumilikdə 32 maarifləndirmə tədbiri, 8 hakaton, 8 inkubasiya proqramı, 4 regional “Demo Day” tədbiri baş tutub. Ümumilikdə bütün tədbirlərdə 2000-dən çox şəxs iştirak etmişdir", - deyə sədr qeyd edib.

F. Osmanov bildirib ki, hakatonlar çərçivəsində 116 komanda innovativ ideyalarını və MVP-lərini təqdim edib və onlardan 24 MVP-li layihə ümumilikdə 60 000 AZN məbləğində mükafat fondu əldə edib: "Sözügedən komandalardan 35 -i inkubasiya proqramlarına cəlb olunmuş yekun olaraq 29 MVP formalaşdırılmış, 1 komanda isə “Startap şəhadətnaməsi“ əldə etmişdir. Hal-hazırda 17 komanda bugünkü “Demo Day” tədbirində çıxış edərək layihələrini təqdim edəcək.

Təlimçi və mentor hazırlığı (ToT) proqramı çərçivəsində 18 yeni mentor yetişdirilmişdir. Layihə sayəsində mərkəzi icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, dövlət və özəl təşkilatlar, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, peşə təhsili mərkəzləri ilə əməkdaşlıqlar qurulmuş və regional nümayəndəliklər formalaşdırılmışdır. Bu da öz növbəsində regionlarda Agentliyin təşəbbüsü ilə yaradılacaq innovasiya mərkəzlərinin işinə və dayanıqlı regional innovasiya ekosisteminin qurulmasına mütərəqqi töhfə vermişdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti