Bakı. Trend:
Fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin əvəzlənməsi və qeydiyyatı asanlaşır.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, 14 iyul 2025-ci il tarixində qəbul edilmiş “Torpaq, Mülki, Mənzil, Şəhərsalma və Tikinti Məcəllələrində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi xüsusi önəm kəsb edir.
Dəyişikliklərə əsasən, fövqəladə hal nəticəsində məhv olmuş
yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində yeni yaşayış
sahələrinin tikintisi məqsədəuyğun hesab edilmədikdə həmin torpaq
sahələrinin əvəzinə torpaq sahələri dövlət ehtiyat fondu
torpaqlarından ayrılacaq. Bu mümkün olmadıqda isə mütənasib dəyərdə
bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə yönəldiləcək.
Belə olan halda torpaq sahələri bələdiyyə tərəfindən hərrac
keçirilmədən və aidiyyəti dövlət qurumlarının rəyləri tələb
olunmadan təqdim ediləcək.
Qanunla aşağıdakı hallarda tikinti işləri fövqəladə hal nəticəsində
məhv olmuş əmlakın yerləşdiyi torpaq sahəsində deyil, yeni torpaq
sahəsində aparılır:
Torpaq sahəsi təbii fəlakət baxımından tikinti üçün yüksək riskli ərazi olduqda;
Torpaq sahəsinin təyinatına görə tikinti aparılmasına icazə verilmədikdə;
Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdikdə.
Bu səbəblər Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən ediləcək və nəticə barədə vətəndaşa məlumat veriləcək.
Qanun vətəndaşın maraq və mənafelərini nəzərə almaqla dövlət
tərəfindən torpaqların qorunması və səmərəli istifadəsini təmin
edir. Belə ki, vətəndaş yaşayış sahəsinin yeni torpaq sahəsində
tikintisi ilə razılaşmadıqda onun maraqları nəzərə alınır, əvvəlki
torpaq sahəsinin dəyəri mülkiyyətçiyə ödənilməklə dövlətin
mülkiyyətinə keçir.
Qanunla fövqəladə hal nəticəsində məhv olmuş əmlakın əvəzinə dövlət
vəsaiti hesabına tikilmiş yeni yaşayış sahələri üzərində hüquqların
qeydiyyatı ilə bağlı məsələlər də tənzimlənib.