...

“AzerGold” Qarabağ, Şərqi Zəngəzur və ölkənin digər ərazilərini əhatə edən geoloji tədqiqat işlərinin əsas istiqamətlərini açıqlayıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 11:05 (UTC +04:00)
“AzerGold” Qarabağ, Şərqi Zəngəzur və ölkənin digər ərazilərini əhatə edən geoloji tədqiqat işlərinin əsas istiqamətlərini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“AzerGold” QSC-nin başlıca məqsədlərindən biri ölkəmizin əlvan və qara metal filizi yataqlarının dayanıqlı idarə olunmasını və onların effektiv şəkildə istifadəsini təmin etməkdir. Dövlət şirkəti tərəfindən ölkəmizin mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və yeni mədənlərin işə salınması istiqamətində intensiv kəşfiyyat və tədqiqat işləri həyata keçirilir.

Bunu Trend-in sorğusuna cavab olaraq "AzerGold"-dan bildiriblər.

““AzerGold” tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işlərinin əsas istiqamətləri regionun yeni perspektivli mineral-xammal potensialının müəyyənləşdirilməsi, mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsidir. “AzerGold” Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkəmizin digər ərazilərini də əhatə edən filiz, qeyri-filiz yataqları və təzahür sahələri üzrə geoloji kəşfiyyat proqramının icrasını həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, “AzerGold”un icra etdiyi proqram Kiçik Qafqaz sıra dağlarını - Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonlarının ərazisini, eləcə də Naxçıvan Muxtar Respublikasını, ümumilikdə isə 15 409 km² sahəni əhatə edir”, - deyə şirkətdən bildiriblər.

Qeyd olunb ki, kəşfiyyat proqramının xüsusi cəhətlərindən biri tədqiqatların müasir, innovativ və ekoloji baxımdan daha təhlükəsiz texnologiyaların tətbiqi əsasında həyata keçirilməsidir.

“Axtarışlar zamanı qeyri-invaziv axtarış metodları – hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik tədqiqat üsulu tətbiq edilir. Bu üsullar perspektivli sahələrin qısa vaxtda müəyyənləşdirilməsinə, böyük vəsait tələb edən buruqqazma işlərinə böyük ölçüdə qənaət edilməsinə, tədqiqatların daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar daxilində aparılmasına imkan verir. Nəticə olaraq qısa zaman ərzində yer səthinə müdaxilə etmədən geoloji məlumatlar əldə olunur.

Sözügedən texnologiyaların tətbiqi ilə aparılan tədqiqat və qiymətləndirmələr 2027-ci ilin sonuna qədər yekunlaşacaq. Yekunda Kiçik Qafqaz sıra dağlarının ölkəmizə düşən hissəsi və Naxçıvan Muxtar Respublikası üzrə kompleks axtarış-qiymətləndirmə işləri tamamlanacaq, eləcə də mövcud geoloji xəritələri və məlumat bazası yenilənərək, ilkin kəşfiyyat mərhələsi yekunlaşacaq”, - deyə “AzerGold”-dan bildiriblər.

Vurğulanıb ki, ölkə üzrə geoloji kompleks kəşfiyyat və tədqiqatlardan əldə ediləcək nəticələr həm elmi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır: “Belə ki, nəticələr yeni perspektivli sahələrin müəyyənləşdirilməsinə imkan verəcək. Müəyyən edilmiş sahələrdə növbəti mərhələlər üzrə tədqiqatların davam etdirilməsi və mümkün hasilat işlərinin həyata keçirilməsi gələcəkdə dövlət tərəfindən müəyyən ediləcək operatorlar tərəfindən həyata keçiriləcək. Yeni irimiqyaslı mədən layihələrinin reallaşdırılması isə dağ-mədən sənayesinin, qeyri-neft sektorunun, ümumilikdə isə ölkə iqtisadiyyatının inkişafına, regionun sosial rifahının yüksəlməsinə ciddi töhfələr verəcək. Ümumilikdə, əldə olunan ilkin geoloji nəticələr həm Qarabağ və Şərqi Zəngəzur, həm də Qazax-Tovuz, Gəncə-Daşkəsən iqtisadi rayonlarının ərazilərinin, eləcə də Naxçıvan Muxtar Respublikasının yüksək mineral-xammal potensialına malik olduğunu sübut edir və yaxın illərdə yeni yataqların aşkarlanması, həmçinin mövcud resursların artırılması real perspektiv kimi qiymətləndirilir.”

Xəbər lenti

Xəbər lenti