Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) tərəfindən dərc olunmuş “Asiya Su Ehtiyatlarının İnkişaf Proqnozu (AWDO) 2025” hesabatına əsasən, Azərbaycan su ekosistemlərinin vəziyyəti indeksini (CASCI) 4,2 səviyyəsində sabit saxlayıb, ekoloji idarəetmə indeksi (EGI) isə 2013-cü ildəki 6,2 göstəricisindən 2020 və 2025-ci illərdə 7,0-ə yüksəlib.
Trend bu barədə hesabata istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, region ölkələrinin əksəriyyətində CASCI göstəriciləri sabit qalıb və ya azalma müşahidə edilib. EGI göstəriciləri isə Ermənistan istisna olmaqla, əksər ölkələrdə sabit qalıb və yaxud yaxşılaşıb.
“Qazaxıstanda su ekosistemlərinin sağlamlığı və ekoloji idarəetmənin ümumi KD4 göstəricisi yaxşılaşıb. Bildirilir ki, bu artıma azotdan istifadənin səmərəliliyinin yüksəlməsi və çirkab suların təmizlənməsi sahəsində irəliləyişlər səbəb olub. Qazaxıstanda CASCI 2025-ci ildə 5,6 səviyyəsində qalıb”, – deyə hesabatda vurğulanır.
AİB-in məlumatına görə, regionun digər ölkələrində vəziyyət belədir:
Gürcüstan: CASCI 4,8-dən (2013) 4,4-ə (2025) enib; EGI 4,6-dan 5,4-ə yüksəlib.
Türkiyə: CASCI 2025-ci ildə 4,0 təşkil edib və 2013-cü il ilə eynidir; EGI 6,2 səviyyəsində qalıb.
Qırğızıstan: CASCI 4,4-dən 3,4-ə enib; EGI 4,6 səviyyəsində dəyişməz qalıb.
Tacikistan: CASCI 4,4-dən 4,2-yə enib; EGI 7,6 səviyyəsində sabit qalıb.
Özbəkistan: CASCI 2025-ci ildə 5,2 olub və 2013-cü ildəki səviyyədə qalıb; EGI 7,6 səviyyəsində dəyişməyib.
Türkmənistan: CASCI 5,4-dən 4,6-ya enib; EGI 2025-ci ildə 4,6 təşkil edib.
Ermənistan: CASCI 3,2-dən 2,6-ya enib; EGI 7,6-dan 7,0-a düşüb.
