Bakı. Trend:
Bakıda neft-qaz sektoruna həsr olunmuş "Asset Integrity & Corrosion and Coatings Conference" (Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı) adlı konfransın ikinci günü yekunlaşıb.
Trend xəbər verir ki, konfrans sahə üzrə aparıcı mütəxəssisləri, şirkət rəhbərlərini və texnologiya təminatçılarını bir araya gətirib.
İlk gündə olduğu kimi bu gün də tədbirin gündəliyi kifayət qədər zəngin hesab edilə bilər. Belə ki, tədbir çərçivəsində aktivlərin bütövlüyünün qorunması, korroziyaya qarşı mübarizə və qoruyucu örtük texnologiyaları sahəsində mövcud vəziyyətin və yeniliklərin müzakirəsi aparılacaq.
Eyni zamanda konfrans zamanı sənayedə qarşıda duran risklər, texniki həllər və beynəlxalq təcrübə iştirakçılara təqdim olunub.
Konfransda ilk çıxış edən “Energizer Azerbaijan” şirkətinin bütövlük (inteqrasiya) idarəetməsi üzrə meneceri Süleyman Süleymanov bildirib ki, Azərbaycan enerji səmərəliliyi sahəsinin geniş inkişaf imkanlarına malikdir.
Onun sözlərinə görə, son illər ölkənin enerji bazarının təhlili göstərir ki, enerji səmərəliliyi, enerji monitorinqi və dayanıqlılıq istiqamətləri növbəti mühüm mərhələ kimi ön plana çıxır:
"İlkin mərhələdə enerji təminatı və icarəsi sahəsində fəaliyyət göstərən şirkətlər sonradan diqqəti mövcud resurslardan daha səmərəli istifadəyə yönəldiblər. Ötən il Energetika Nazirliyi tərəfindən elan olunan tender çərçivəsində məişət və sənaye sektorunda, o cümlədən fabriklərdə enerji auditlərinin aparılması nəzərdə tutulub. Bu məqsədlə yüksək enerji istehlakına malik 40-dan artıq müəssisədən məlumatlar toplanıb, onların bir qismində isə pilot layihə kimi ətraflı enerji auditi həyata keçirilib.
Aparılan təhlillər ölkədə enerji səmərəliliyi sahəsində əhəmiyyətli potensialın mövcud olduğunu üzə çıxarıb. Hazırda Energetika Nazirliyi ilə birgə kogenerasiya istiqamətində layihələr üzərində işlər aparılır".
O eyni zamanda vurğulayıb ki, bununla yanaşı, Asiya İnkişaf Bankının maliyyələşdirdiyi istilik sistemlərinin dekarbonizasiyası və bərpa olunan enerji mənbələrinin inteqrasiyasına dair texniki yardım layihəsində də yerli şirkətlərin iştirakı təmin olunur. Mütəxəssis daha sonra qeyd edib ki, enerji səmərəliliyi bərpa olunan enerji layihələrindən fərqli olaraq vizual olaraq hiss edilən sahə deyil:
"Günəş və ya külək enerji qurğularını fiziki olaraq görmək mümkün olduğu halda, enerji səmərəliliyinin nəticələri daha çox istehlakın azalması və resurslardan qənaətli istifadə formasında özünü göstərir. Bununla yanaşı, bərpa olunan enerji layihələri adətən yüksək kapital qoyuluşu tələb etdiyi halda, enerji səmərəliliyi mövcud infrastrukturun düzgün təhlili və optimallaşdırılması hesabına həyata keçirilir".
"Dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan layihələr enerji səmərəliliyinin inkişafına töhfə verir və bu istiqamətdə işlərin davam etdirilməsi planlaşdırılır", - S. Süleymanov əlavə edib.
Daha sonra "Emerson" şirkətinin Azərbaycan və Türkiyə üzrə təhlükəsizlik həlləri satış mühəndisi Bilgehan Karakuş vurğulayıb ki, materialların Mühafizəsi və Performansı Assosiasiyasının (AMPP) məlumatına əsasən, yalnız neft-qaz sənayesində korroziya nəticəsində yaranan itkilər 1 milyard ABŞ dollarını ötür.
Şirkət nümayəndəsi neft-qaz sənayesində korroziya risklərinin idarə olunmasında mövcud yanaşmaların üstünlükləri və çatışmazlıqları barədə məlumat verib. O bildirib ki, CAPEX (kapital xərcləri) yanaşması çərçivəsində korroziyaya daha davamlı metallardan istifadə etmək mümkündür:
"OPEX (operativ xərclər) baxımından isə müxtəlif inhibitorlardan yararlanmaq olar. Lakin mütəxəssisin fikrincə, bu yanaşmaların heç biri problemin tam həlli deyil. Korroziya və eroziya prosesləri monitorinq olunmadıqda, istehsal təhlükəsizlik məqsədilə maksimum tutumdan aşağı səviyyədə saxlanılır və bu da prosesin suboptimal işləməsinə səbəb olur. Nəticədə, gözlənilməz dayanmalara rast gəlinir ki, bu da şirkətlərə milyonlarla dollar zərər vura bilər. Bəzi hallarda bu cür dayanmalər təkrarlanır, çünki ardıcıl olaraq yeni sızmalar aşkar edilir".
"Materialların Mühafizəsi və Performansı Assosiasiyasının (AMPP)
məlumatına əsasən, yalnız neft-qaz sənayesində korroziya
nəticəsində yaranan itkilər 1 milyard ABŞ dollarını ötür.
Mütəxəssis bildirib ki, effektiv həll yolu risklərin
monitorinqindən başlanır. Bu sahədə qaz sızmasının aşkarlanması,
boru daxilində quraşdırılan korroziya zondları, kuponlar, eləcə də
ER və LPR (elektrorezi̇sti̇vli̇k və xətti poliarizasiya müqaviməti)
metodlarından istifadə edilə bilər. Bu üsullar boru kəmərinin
daxilindəki korroziya səviyyəsini müəyyən etməyə imkan verir", -
Bilgehan Karakuş vurğulayıb.
O qeyd edib ki, “Emerson”un isə ən effektiv hesab etdiyi həll qeyri-invaziv ultrasəs divar qalınlığı ölçmə (UT) texnologiyasıdır:
"Bu həll onlayn və simsiz formada tətbiq olunur. UT ölçmələri vasitəsilə borunun divar qalınlığı, korroziya sürəti və istismar müddətinin sonuna qədər qalan resurs müəyyən edilir.
Bundan əlavə, mövcud ölçmələr analitik platformalara, o cümlədən
"AspenTech" proqram təminatına inteqrasiya oluna bilər. Buraya pH
göstəriciləri, təzyiq, temperatur və xəttdaxili korroziya
zondlarından alınan məlumatlar da əlavə olunur. Nəticədə daha geniş
analiz və dəqiq proqnozlar əldə edilir.
Analitik nəticələr korroziya mühəndisləri, texniki xidmət
mütəxəssisləri, proses mühəndisləri və qurğu menecerləri üçün
fərqli ekran və hesabatlar şəklində təqdim olunur. Məsələn,
korroziya mühəndisləri əsasən texniki göstəricilərlə maraqlanırsa,
qurğu menecerləri üçün xərclər, itkilər, investisiya gəlirliliyi və
istehsalın nə vaxt dayandırılmalı olduğu daha önəmli ola
bilər".
Mütəxəssis yekunda vurğulayıb ki, bu yanaşma korroziya risklərinin real vaxt rejimində idarə olunmasına, planlaşdırılmamış dayanmaların azalmasına və ümumilikdə istehsalın daha təhlükəsiz və səmərəli təşkilinə imkan yaradır.
Qeyd edək ki, tədbirdə 20-dən çox ölkədən 500-dən artıq nümayəndə iştirak edir. Konfransda 50-dən çox spiker çıxış edir, 25-dən artıq şirkət texnoloji həllərini təqdim edir. Ümumilikdə 50-dən çox texniki sessiya, bir neçə panel müzakirəsi və müxtəlif şəbəkələşmə tədbirləri nəzərdə tutulub.
