Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Davosda aktivlərin idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən olan “BlackRock” və onun törəmə şirkəti “Global Infrastructure Partners” (GIP) ilə uzunmüddətli strateji əməkdaşlıq niyyətini rəsmiləşdirib.
Bu əməkdaşlığı Azərbaycan üçün sadəcə maliyyə yatırımı, yoxsa qlobal maliyyə sisteminə institusional inteqrasiya kimi qiymətləndirmək olar?
Belə bir əməkdaşlıq ARDNF-in gələcəkdə daha ucuz və böyük kapitala çıxışını asanlaşdıra bilərmi?
Mövzu ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı- ekspert Eldəniz Əmirov bildirib ki, ARDNF, BlackRock və Global Infrastructure Partners (GIP) arasında qurulan əməkdaşlıq Azərbaycan üçün sadəcə maliyyə yatırımı deyil, eyni zamanda, ölkənin qlobal maliyyə sisteminə institusional inteqrasiyası kimi qiymətləndirilməlidir.
İqtisadçının sözlərinə görə, bu tərəfdaşlıq təkcə kapital qoyuluşu ilə məhdudlaşmır, daha geniş əməkdaşlıq ekosisteminin formalaşmasına xidmət edir:
"Əməkdaşlıq çərçivəsində maliyyə investisiyaları ilə yanaşı, infrastruktur layihələri, institusional investisiya mexanizmləri və idarəetmə modelləri də əhatə olunur. Bu isə Neft Fondunun gələcək fəaliyyət imkanlarını genişləndirir və onu daha böyük həcmli qlobal kapitala çıxışla təmin edir.
Bu format klassik investisiya yanaşmasından fərqlənir. Əgər əməkdaşlıq yalnız investisiya yönümlü olsaydı, bank kreditləri və ya fond yatırımları ilə məhdudlaşardı. Mövcud model isə birgə layihələrin icrası, idarəetmə standartlarının uyğunlaşdırılması, risklərin birgə idarə olunması kimi elementləri əhatə edir ki, bu da tərəfdaşlara beynəlxalq maliyyə bazarlarında əlavə üstünlüklər qazandırır".
Eldəniz Əmirov həmçinin qeyd edib ki,
belə bir əməkdaşlıq ARDNF-in gələcəkdə daha ucuz və daha böyük
həcmli kapitala çıxışını asanlaşdıra bilər:
"Çünki bu platforma çərçivəsində Neft Fondu qlobal maliyyə bazarlarında riskli tərəf kimi deyil, etibarlı institusional tərəfdaş kimi qəbul olunur. Risklərin azalması isə kapitalın dəyərinin – yəni maliyyələşmə xərclərinin – aşağı düşməsinə şərait yaradır", - o, bildirib.
