Bakı. Trend:
Bakı Fond Birjasının qlobal maliyyə bazarlarına inteqrasiyası
istiqamətində regional və beynəlxalq brokerlərlə müzakirələr
aparılır.
Bunu Trend-ə
müsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə
Heyətinin sədri Ruslan Xəlilov deyib.
R. Xəlilov ötən il əldə edilmiş nailiyyətlərdən bəhs edərkən Bakı
Fond Birjasının Tabadul layihəsi çərçivəsində Abu Dhabi Exchange
(ADX ), Milli Depozit Mərkəzi və Azər Türk Bank arasında kollektiv
mübadilə razılaşması imzaladığını xüsusi vurğulayıb və bu
əməkdaşlığın perspektivlərindən danışıb:
“Bu sənəd texnoloji qoşulmaların və test mərhələsinin
başlanmasına imkan verdi. Hazırda BFB “Tabadul Trading Hub”a
(Tabadul Ticarət Mərkəzi) texnoloji inteqrasiya üzrə testləri davam
etdirir. Bu işlərin əsas məqsədi həm yerli bazar üzrə inteqrasiyanı
gücləndirmək, həm də “cross-border integration”ı (sərhədlərarası
inteqrasiya) problemsiz şəkildə həyata keçirməkdir. Tabadul Hub
birja-hub modeli kimi fəaliyyət göstərir və müxtəlif ölkələrin
birjalarını vahid məkanda birləşdirir. Bu mexanizm vasitəsilə,
məsələn, Əbu-Dabidə fəaliyyət göstərən hər hansı bir broker Bakı
Fond Birjasında birbaşa ticarət apara bilər. Bunun üçün isə həmin
broker Bakı Fond Birjasının üzvü olmalıdır. Hazırda müvafiq
qanunvericilik hansısa xarici brokerin Bakı Fond Birjasının üzvü
olmasına qadağa qoymur. Lakin burada bir çox tələblər var. Məsələn,
xarici brokerin Bakı Fond Birjasına qoşulması üçün burada
ofislərinin açılması və yaxud yerli əlaqələndirici nümayəndəsinin
olması tələb olunur. Bu tələblərin daha da sadələşdirilməsi üçün
biz AR Mərkəzi Bankı tərəfindən aparılan qiymətli kağızlar bazarı
haqqında qanunvericiliyə baxış və dəyişikliklərin təklif olunması
layihəsi çərçivəsində Mərkəzi Bankla öz fikirlərimizi
bölüşmüşük".
R. Xəlilov vurğulayıb ki, hazırda inteqrasiya prosesləri əsasən
Tabadul platforması üzərindən həyata keçirilir: "Bununla yanaşı,
bir sıra regional və qlobal brokerlərlə də aktiv danışıqlar
aparılır. Şəxsən öz iştirakımla keçirilən bu görüşlərdə qlobal
brokerlərin öz sistemlərinə Bakı Fond Birjasının (BFB)
platformasını qoşması üçün hansı şərtlərin tələb olunduğu, hansı
meyarlara diqqət yetirildiyi, eləcə də bazarın dövriyyəsi ilə bağlı
gözləntiləri müzakirə olunur.
Bu istiqamətdə əsas məqsəd ondan ibarətdir ki, gələcəkdə belə
bir inteqrasiya mümkün olarsa, bunun üçün hansı texniki,
institusional və bazar şərtlərinin təmin edilməli olduğunu
əvvəlcədən müəyyənləşdirək. Eyni zamanda, bu modelin yerli bazar
üçün hansı üstünlüklər yarada biləcəyi və hansı potensial
çatışmazlıqların mövcud ola biləcəyi də təhlil edilir.
Qeyd edim ki, qlobal brokerlərin əksəriyyəti “multinational trading
facility” (çoxtərəfli ticarət platforması) modeli əsasında
fəaliyyət göstərir və adətən “smart order routing” (ağıllı sifariş
yönləndirmə) sistemi tətbiq edirlər. Bu sistem vasitəsilə
platformada göstərilən qiymətli kağız bir neçə birjada
listinqdədirsə, sifariş avtomatik olaraq ən aşağı qiymət və ən
minimal komissiya təklif edən bazara yönləndirilir. Bu baxımdan ən
azı həmin platformalarda Bakı Fond Birjasında ticarətdə olan və
kotirovkaya çıxarılmış qiymətli kağızların nümayiş etdirilməsi
belə, bazarımız üçün mühüm bir inteqrasiya addımı ola bilər".
