Bakı. Trend:
Beynəlxalq inkişaf banklarının Bakı Fond Birjasında (BFB) yerli valyutada (manat) emissiya etməyə marağı var.
Bunu Trend-ə müsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
O, müsahibəsində əvvəlcə rəhbərlik etdiyi qurumun 2025-ci il üzrə naliyyətlərindən bəhs edib:
“Ötən il Bakı Fond Birjası olaraq texnoloji infrastrukturumuzun tam və dərin diaqnostikasını apardıq. Ticarət sistemlərimiz vahid platforma üzərində qurulub və həmin platforma üzrə geniş yoxlamalar həyata keçirildi. Diaqnostikanın nəticələrinə əsasən sistemin harmonizasiyası və sabitliyinin artırılması məqsədilə “in-house stabilization” (daxili stabilizasiya) işləri görüldü. Paralel olaraq bir neçə stress test (yüksək yüklənmə sınaqları) aparıldı ki, platformanın böyük həcmli əməliyyatlara tam hazır olduğuna əmin olaq.
Bu yoxlamalar hər il həyata keçirilir, lakin ötən il daha geniş və detallı aparıldı. Çünki bazara çoxsaylı IPO-ların (ilkin səhmlərin yerləşdirilməsi) və istiqraz emissiyalarının daxil olacağı istisna edilmir. Məqsəd texnoloji platformanın yüz minlərlə orderin “processing”ini (emalı) problemsiz həyata keçirə bilməsidir. Əminliklə deyə bilərəm ki, Bakı Fond Birjası çoxsaylı emissiyaların həyata keçirilməsinə tam hazırdır.
Daxili transformasiya prosesi çərçivəsində növbəti strateji dövrə keçid edirik. Bu mərhələdə əsas fokus texnoloji hazırlığın və “technological integration”ın (texnoloji inteqrasiya) gücləndirilməsidir. Hədəf təkcə BFB daxilində deyil, ümumilikdə kapital bazarı üzrə inteqrasiyanın artırılmasıdır.
Hazırda treydinq platformamız iki investisiya şirkətinin tətbiqi vasitəsilə iki bankla inteqrasiya olunub. Son məqsəd bazardakı bütün investisiya şirkətlərinin öz tətbiqləri üzərindən Bakı Fond Birjasına qoşulmasıdır. Eyni zamanda, investisiya lisenziyası alan bankların da sistemlərinin inteqrasiyası nəzərdə tutulur. Bu, “retail investor” (fərdi investor) üçün maksimal rahatlıq yaradır, yəni investor bir kliklə öz brokerinin tətbiqi vasitəsilə birjada ticarət edə bilir. Hazırda bu model Azərbaycan Beynəlxalq Bankı (ABB) səhmləri üzrə aktiv şəkildə işləyir”.
R. Xəlilov ötən il əldə edilmiş nailiyyətlərdən bəhs edərkən Bakı Fond Birjasının Tabadul layihəsi çərçivəsində Abu Dhabi Exchange (ADX ), Milli Depozit Mərkəzi və Azər Türk Bank arasında kollektiv mübadilə razılaşması imzaladığını xüsusi vurğulayıb və bu əməkdaşlığın perspektivlərindən danışıb:
“Bu sənəd texnoloji qoşulmaların və test mərhələsinin başlanmasına imkan verdi. Hazırda BFB “Tabadul Trading Hub”a (Tabadul Ticarət Mərkəzi) texnoloji inteqrasiya üzrə testləri davam etdirir. Bu işlərin əsas məqsədi həm yerli bazar üzrə inteqrasiyanı gücləndirmək, həm də “cross-border integration”ı (sərhədlərarası inteqrasiya) problemsiz şəkildə həyata keçirməkdir. Tabadul Hub birja-hub modeli kimi fəaliyyət göstərir və müxtəlif ölkələrin birjalarını vahid məkanda birləşdirir. Bu mexanizm vasitəsilə, məsələn, Əbu-Dabidə fəaliyyət göstərən hər hansı bir broker Bakı Fond Birjasında birbaşa ticarət apara bilər. Bunun üçün isə həmin broker Bakı Fond Birjasının üzvü olmalıdır. Hazırda müvafiq qanunvericilik hansısa xarici brokerin Bakı Fond Birjasının üzvü olmasına qadağa qoymur. Lakin burada bir çox tələblər var. Məsələn, xarici brokerin Bakı Fond Birjasına qoşulması üçün burada ofislərinin açılması və yaxud yerli əlaqələndirici nümayəndəsinin olması tələb olunur. Bu tələblərin daha da sadələşdirilməsi üçün biz AR Mərkəzi Bankı tərəfindən aparılan qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə baxış və dəyişikliklərin təklif olunması layihəsi çərçivəsində Mərkəzi Bankla öz fikirlərimizi bölüşmüşük”.
R. Xəlilov vurğulayıb ki, hazırda inteqrasiya prosesləri əsasən Tabadul platforması üzərindən həyata keçirilir:
“Bununla yanaşı, bir sıra regional və qlobal brokerlərlə də aktiv danışıqlar aparılır. Şəxsən öz iştirakımla keçirilən bu görüşlərdə qlobal brokerlərin öz sistemlərinə Bakı Fond Birjasının (BFB) platformasını qoşması üçün hansı şərtlərin tələb olunduğu, hansı meyarlara diqqət yetirildiyi, eləcə də bazarın dövriyyəsi ilə bağlı gözləntiləri müzakirə olunur.
Bu istiqamətdə əsas məqsəd ondan ibarətdir ki, gələcəkdə belə bir inteqrasiya mümkün olarsa, bunun üçün hansı texniki, institusional və bazar şərtlərinin təmin edilməli olduğunu əvvəlcədən müəyyənləşdirək. Eyni zamanda, bu modelin yerli bazar üçün hansı üstünlüklər yarada biləcəyi və hansı potensial çatışmazlıqların mövcud ola biləcəyi də təhlil edilir.
Qeyd edim ki, qlobal brokerlərin əksəriyyəti “multinational trading facility” (çoxtərəfli ticarət platforması) modeli əsasında fəaliyyət göstərir və adətən “smart order routing” (ağıllı sifariş yönləndirmə) sistemi tətbiq edirlər. Bu sistem vasitəsilə platformada göstərilən qiymətli kağız bir neçə birjada listinqdədirsə, sifariş avtomatik olaraq ən aşağı qiymət və ən minimal komissiya təklif edən bazara yönləndirilir.
Bu baxımdan, ən azı həmin platformalarda Bakı Fond Birjasında ticarətdə olan və kotirovkaya çıxarılmış qiymətli kağızların nümayiş etdirilməsi belə, bazarımız üçün mühüm bir inteqrasiya addımı ola bilər”.
R. Xəlilov müsahibəsində eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəyişən faiz dərəcəli manat istiqrazlarının Bakı Fond Birjasında ticarətə buraxılmasından da bəhs edib və bunu bazar üçün çox önəmli hadisə kimi dəyərləndirib:
“Bu, həm yerli valyutada, həm də “floating rate note” (dəyişkən faizli istiqraz) formatında ilk beynəlxalq maliyyə qurumu emissiyasıdır. Hətta ikinci bazarda bir əməliyyat da reallaşıb. Burada təxminən 3 milyon manatlıq əməliyyat baş tutub.
AYİB-in dəyişən faiz dərəcəli manat istiqrazlarının kapital bazarında ticarətə buraxılmasının digər faydası ondan ibarətdir ki, hələ tez olsa da, bu, gələcəkdə faiz dərəcəsi svoplarının (Interest rate swap) əməliyyatlarının tranzaksiyalarına gətirib çıxara bilər. Ən azından hazırda bazarda birinci addım kimi dəyişkən faizli istiqraz var, indiyədək bu yox idi. Bu çox vacib addım oldu.
Hazırda bir sıra digər beynəlxalq maliyyə institutları ilə də istiqraz emissiyaları üzrə danışıqlar aparılır. Beynəlxalq inkişaf banklarının yerli valyutada emissiya etməyə marağı var, çünki bu, “currency risk”in (valyuta riskinin) daha effektiv idarə olunmasına imkan verir. Ünsiyyətdə olduğumuz bir çox beynəlxalq maliyyə təşkilatları Bakı Fond Birjasında istiqraz emissiyasında maraqlıdırlar. Qonşu ölkələrdə bu praktikalara rast gəlirik. Amma konkret olaraq hansının nə zaman emissiya edəcəyini demək doğru olmaz. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq inkişaf banklarının deyərdim ki, hər birinin emissiya etməyə marağı var. Ən azından ona görə ki, bu banklar beynəlxalq inkişaf banklarıdır və onlar üçün ən uyğun həll yolu odur ki, yerli valyutada öz risk dərəcələrində istiqraz buraxsınlar və istiqrazdan, məsələn, əldə etdikləri vəsaiti yerli strateji layihələrə elə yerli valyutada yönləndirsinlər.
Biz həmin beynəlxalq maliyyə təşkilatları ilə görüşürük, dəvət edirik və yaxşı əlaqədəyik. Onlara daxili bazar barədə məlumat veririk”.
“Artıq o zamana gəlmişik ki, dövlət müəssisələri istiqraz emissiyaları ilə bazara çıxmalıdırlar. Bakı Fond Birjasının Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “2024-2026-cı illər üzrə Strateji İnkişaf planı”nında əsas strateji təşəbbüslərdən biri dövlət müəssisələrinin istiqrazlara təşviq edilərək cəlb olunmasıdır. Biz aktiv şəkildə dövlət müəssisələri ilə danışıqlar aparırıq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə də bundan əvvəl bir neçə dəfə görüşmüşdük və hətta ADY üçün yerli kapital bazarı imkanları haqqında qısa bir məlumat xarakterli təqdimat da hazırlamışdıq. Çox sevinirəm ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) istiqrazların emissiyasına başladı.
Bizdə olan məlumata görə, nəqliyyat-logistika sektorundan istiqraz emissiyası buraxmaq niyyətində olan daha 1-2 şirkət də var. Biz bu şirkətlərin hamısı ilə danışıqlar aparırıq. Bəzi şirkətlərə hətta lazım olan əlavə məlumatları da hazırlayıb göndəririk ki, onların qərarverməyinə daha çox yardım olsun. Yəni bir neçə həm dövlət, həm də qeyri-dövlət şirkətləri var ki, onlar istiqraz emissiyasına kifayət qədər maraqlıdırlar”, - deyə R. Xəlilov qeyd edib.
Bundan başqa, sədr ötən ilin mart ayında SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıldığını xətrladəb və qeyd edib ki, “yaşıl istiqraz”lar 5 illik müddətə buraxılır və ümumi buraxılış məbləği 200 milyon ABŞ dollarıdır: “Biz Bakı Fond Birjası olaraq “yaşıl istiqraz”ları dəstəkləmək üçün ayrıca bir “Green Bond Segment” (“yaşıl istiqrazlar” seqmenti) yaratmışıq. Həmin bazar seqmenti üçün bütün listinq komissiyalarını sıfırlamışıq. Yəni “yaşıl istiqraz” və yaxud da yaşıl kağız olaraq listinqə çıxmaq istəyən şirkət müvafiq kriteriyalara uyğun gəlirsə, listinq haqqından azad edirik. Bazarda bu istiqamədə müəyyən sahələr üzrə şirkətlərin marağı var. Xüsusən də enerji sektorunda “yaşıl istiqraz” buraxmaq istəyən şirkətlər var. Logistika sektoru üzrə də bir qism şirkətin “yaşıl istiqraz”a marağının olduğunu görürük. Sadəcə olaraq burada investisiya bankçılığı rolunu oynayan şirkətlərdən də çox şey asılıdır. Yəqin ki, zamanla “yaşıl istiqraz”lar üzrə əlavə buraxılışları görəcəyik”.
R. Xəlilov, həmçinin manat gəlirlilik əyrinin dərinləşdirilməsi üçün lazımi addımlarla bağlı bəhs edərkən söyləyib ki, “yield curve” (gəlirlilik əyrisi) bazar üçün fundamental əhəmiyyət daşıyır:
“Bu əyri emitentlər üçün baza faiz dərəcəsi rolunu oynayır. Hazırda Azərbaycanda əsas likvidlik 3 ilə qədər olan alətlərdə cəmləşsə də, zamanla 5–7 illik seqmentlərdə də likvidliyin artacağını gözləyirik. Azərbaycan Mərkəzi Bankı artıq gəlirlilik əyrisini təqdim edir və bu əyri tədricən daha “market-based” (bazarəsaslı) formaya keçir”.
Müsahib eyni zamanda bu yaxınlarda Bakı Fond Birjasının ABŞ-Azərbaycan Ticarət Palatasına üzv qəbul edilməsindən və bu üzvlüyün mümkün üstünlüklərindən danışarkən isə bunları qeyd edib:
“Bu üzvlük Amerika bazarındakı “best practice”lərin (ən yaxşı təcrübələrin) öyrənilməsi, texnoloji həllərin araşdırılması və potensial investorlarla əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, bizim sözügedən ticarət palatası ilə çox yaxşı əməkdaşlığımız var və çox aktiv şəkildə ünsiyyətdəyik. Amerika bu sahədə kifayət qədər yetkin və öyrəniləcək bir bazardır. Bizim başlanğıc şəkildə əməkdaşlığımız ABŞ-də birja və yaxud da ticarət platformaları biznesində olan şirkətlərlə öz işlərini necə qurmaları, eləcə də texniki istiqamətdə və ümumiyyətlə bazarın inkişafında müəyyən fikir mübadilələrinin aparılmasıdır. Eyni zamanda gələcəkdə kommersiya əlaqələrinin qurulması da mümkün ola bilər. Hazırda Tabadul kimi real bir qoşulma yoxdur, amma baza əlaqələrin, diskussiayaların aparılması istiqamətində kifayət qədər işlər görülür”.
R. Xəlilov sonda regional əməkdaşlıq imkanlarına, xüsusən də Mərkəzi Asiya ölkələri ilə mümkün layihələrə də toxunub:
“Qazaxıstan Fond Birjası (KASE) ilə texniki biliklərin bölüşdürülməsi və regional “data hub”ın (məlumat mərkəzi) yaradılması üzrə fikir mübadilələri aparılıb. Məqsəd Mərkəzi Asiya və Yaxın Şərq regionunda kapital bazarı məlumatlarının vahid platformada emal edilərək regional və beynəlxalq investorlara təqdim olunmasıdır. Bu layihə hələ ideya mərhələsindədir, lakin əməkdaşlıq niyyəti istisna edilmir.
Eyni zamanda Özbəkistan və digər Mərkəzi Asiya ölkələri ilə təcrübə mübadiləsi aparılır. Bu bazarların inkişaf səviyyəsi bir-birinə yaxındır və texnoloji yeniliklər baxımından oxşar mərhələdəyik.
Ümumilikdə məqsədimiz Bakı Fond Birjasını regional və qlobal miqyasda görünürlüyü yüksək olan bir bazara çevirməkdir. Bu isə qlobal brokerlərin platformalarına BFB-də listinqdə olan alətlərin inteqrasiyası və texnoloji həllərlə mümkündür”.
“Strategiyamız kapital bazarlarının dərinləşdirilməsi, səhm və istiqraz bazarlarının inkişafı, yeni maliyyə alətlərinin yaradılması və maliyyə savadlılığının artırılmasına yönəlib və biz bu istiqamətdə səylə çalışırırq ”, - R. Xəlilov fikrini yekunlaşdırıb.
