Bakı. Trend:
Yəqin ki, zamanla “yaşıl istiqraz”lar üzrə əlavə buraxılışları görəcəyik.
Bunu Trend-ə müsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
Sədr ötən ilin mart ayında SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıldığını xətrladəb və qeyd edib ki, “yaşıl istiqraz”lar 5 illik müddətə buraxılır və ümumi buraxılış məbləği 200 milyon ABŞ dollarıdır: “Biz Bakı Fond Birjası olaraq “yaşıl istiqraz”ları dəstəkləmək üçün ayrıca bir “Green Bond Segment” (“yaşıl istiqrazlar” seqmenti) yaratmışıq. Həmin bazar seqmenti üçün bütün listinq komissiyalarını sıfırlamışıq. Yəni “yaşıl istiqraz” və yaxud da yaşıl kağız olaraq listinqə çıxmaq istəyən şirkət müvafiq kriteriyalara uyğun gəlirsə, listinq haqqından azad edirik".
R. Xəlilov vurğulayıb ki, bazarda bu istiqamədə müəyyən sahələr üzrə şirkətlərin marağı var: "Xüsusən də enerji sektorunda “yaşıl istiqraz” buraxmaq istəyən şirkətlər var. Logistika sektoru üzrə də bir qism şirkətin “yaşıl istiqraz”a marağının olduğunu görürük. Sadəcə olaraq burada investisiya bankçılığı rolunu oynayan şirkətlərdən də çox şey asılıdır. Yəqin ki, zamanla “yaşıl istiqraz”lar üzrə əlavə buraxılışları görəcəyik”.
