Bakı. Trend:
Azərbaycan Orta Dəhlizdə əsas strateji mövqelərdən birini təkcə əlverişli coğrafi mövqeyi sayəsində deyil, həm də regional koordinasiyada artan rolu, dəmir yolu əlaqəliliyinin inkişafı və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfə hesabına tutur.
Bu barədə Trend-ə PMCG beynəlxalq konsaltinq şirkətindən bildiriblər.
Şirkətdə qeyd edilib ki, Mərkəzi Asiyanı Cənubi Qafqaz, oradan isə Avropa ilə birləşdirən mühüm tranzit ölkə kimi Azərbaycan Gürcüstanla birlikdə Xəzər və Qara dənizlər arasında dəniz və dəmir yolu daşımalarının kəsişdiyi mühüm əhəmiyyətli qovşaq rolunu oynayır.
“Bu kontekstdə Xəzərdəki Bakı Limanı ilə Gürcüstanın Qara dəniz limanları, ilk növbədə Batumi və Poti arasında səmərəli əlaqə xüsusi strateji əhəmiyyət kəsb edir. Bu limanlar Orta Dəhliz üzrə Avropa bazarlarına yönələn yük axınları üçün əsas dəniz qapıları rolunu oynayır və Bakı–Tbilisi–Qars dəmir yolu kimi quru marşrutlarını tamamlayır. Azərbaycan və Ermənistan arasında münasibətlərdə son dövrlərdə baş verən müsbət dəyişikliklər də Cənubi Qafqazda uzunmüddətli sabitlik və nəqliyyat əlaqəliliyinin perspektivlərini yaxşılaşdırır. Azərbaycanın regional əməkdaşlığın təşviqində oynadığı konstruktiv rol Orta Dəhlizin dayanıqlı inkişafı üçün mühüm amildir”, – PMCG-dən bildirilib.
Şirkətdə vurğulanıb ki, Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında sıx əməliyyat əməkdaşlığı buraxılış qabiliyyətinin artırılması, logistika əməliyyatlarının sinxronlaşdırılması və tranzit vaxtının azaldılmasının təməl daşı olaraq qalmaqdadır.
“Orta Dəhlizin ötürücülük qabiliyyətinin və təhlükəsizliyinin artırılması multimodal daşımaların inkişafına və infrastrukturun, xüsusən də Xəzər və Qara dənizlər arasında yerləşən hissələrin daha da modernləşdirilməsinə yönəlmiş yanaşma tələb edir. Azərbaycanın Gürcüstanın Qara dəniz limanları ilə əlaqələndirən dəmir yolu infrastrukturuna, həmçinin liman infrastrukturunun inkişafına əlavə investisiyalar zəruridir. Dəmir yolu yükdaşımalarında özəl sektorun daha fəal iştirakı və dövlət müəssisələrində korporativ idarəetmənin gücləndirilməsi də az əhəmiyyət kəsb etmir. Ermənistan, Azərbaycan və Gürcüstanın nəqliyyat qurumları arasında rəqəmsal platformalar və vahid prosedurlarla dəstəklənən dərinləşdirilmiş əlaqələndirmə dəhlizin fəaliyyət səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq”, - PMCG-dən bildirilib.
Qeyd olunub ki, Orta Dəhliz liman infrastrukturu, dəmir yolu logistika mərkəzləri və tədarük zəncirlərində əlavə dəyər yaradan xidmətlər sahəsində xarici investisiyaların cəlb edilməsi üçün geniş imkanlar açır.
“Təchizat zəncirlərinin şaxələndirilməsinə artan beynəlxalq maraq, o cümlədən ABŞ-nin zəruri minerallar üzrə təşəbbüsləri və Avropa İttifaqının əlaqəliliyin inkişafına dair strategiyaları Azərbaycanın investisiya cəlbediciliyini daha da gücləndirir. PMCG texniki-iqtisadi əsaslandırmaların hazırlanması, tənzimləyici siyasət islahatlarına dəstək, institusional potensialın artırılması və beynəlxalq maliyyənin səfərbər edilməsinə yardım göstərməklə Orta Dəhlizin inkişafını dəstəkləməyi planlaşdırır. Şirkət həmçinin dəhlizin Xəzər və Qara dəniz seqmentləri arasında daha sıx regional əlaqələndirmənin və kompleks planlaşdırmanın təşviqini qarşısına məqsəd qoyur”, – PMCG-dən əlavə edilib.
