Bakı. Trend:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə bank sektorunu əhatə edən bir sıra normativ xarakterli aktlara edilən dəyişikliklər 9 fevral 2026-cı il tarixindən qüvvəyə minib.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, dayanıqlılıq və yaşıl maliyyə sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi məqsədilə edilən dəyişikliklər banklarda ekoloji, sosial və idarəetmə (ESİ) yanaşmasının tətbiqinin genişləndirilməsini, iqlim və digər ESİ amillərinin bankın idarəetmə və risklərin idarə edilməsi sistemlərinə inteqrasiyasını, habelə maliyyə bazarlarında şəffaflığın və bazar intizamının gücləndirilməsini hədəfləyir.
“Banklarda korporativ idarəetmə Standartları”na edilən dəyişikliklər banklarda səlahiyyət və məsuliyyət bölgüsünün aydın şəkildə müəyyən edilməsini, iqlim və digər ESİ riskləri və fürsətlərinin idarə olunmasına dair funksional bölgünün formalaşdırılmasını, daxili idarəetmə mexanizmlərində və bankın siyasət sənədlərində ESİ meyarlarının nəzərə alınmasını təmin edir. Bununla yanaşı, daxili audit və mükafatlandırma siyasətlərində ESİ amillərinin inteqrasiyası, həmçinin dayanıqlılıq göstəriciləri üzrə keyfiyyət və kəmiyyət məlumatlarının açıqlanması ilə bağlı tələblər əlavə edilib. Dayanıqlılıq məlumatları üzrə ilk hesabatlılıq 2026-cı il üzrə həyata keçiriləcək və müvafiq məlumatlar 2027-ci ilin birinci rübündə açıqlanmalıdır.
“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na edilən dəyişikliklər kredit risklərinin idarə edilməsi üzrə mövcud çərçivəni genişləndirərək bankların dayanıqlı kredit portfelinin idarə edilməsi üzrə daxili siyasət və qaydalarının müəyyən edilməsini nəzərdə tutur. Dəyişikliklər dayanıqlı kreditlərin qiymətləndirilməsi və monitorinqi, şəffaflığın və hesabatlılığın artırılması məqsədilə müvafiq təsdiqləyici və qiymətləndirmə sənədlərinin tətbiqi, dayanıqlılıqla əlaqəli kreditlər üzrə əsas fəaliyyət göstəricilərinin və əsas dayanıqlılıq hədəflərinin müəyyən edilməsi prosesinin formalaşdırılması, habelə yaşıl fəaliyyətlər üzrə meyarların təsbit edilməsini əhatə edir.
Qeyd olunan dəyişikliklər bank sektorunda ESİ yanaşmasının institusionallaşdırılması, risklərin idarə edilməsi sistemlərinə ESİ risklərinin inteqrasiyası, habelə şəffaf və məsuliyyətli maliyyə ekosisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Normativ xarakterli aktlara edilən dəyişikliklərlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
