...

Azərbaycanda qəzaya uğrayan vertolyotun "qara qutularının" oxunması ilə MDB-nin Beynəlxalq Aviasiya Komitəsi məşğul olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2007 14:09 (UTC +04:00)
Azərbaycanda qəzaya uğrayan vertolyotun "qara qutularının" oxunması ilə MDB-nin Beynəlxalq Aviasiya Komitəsi məşğul olacaq

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ MDB Beynəlxalq Aviasiya Komitəsi oktyabrın 12-də dənizdə qəzaya uğramış AZAL Dövlət Konserninə məxsus vertolyotun göyərtəsindəki yazma qurğularındakı ("qara qutu") məlumatların oxunması üçün artıq öz xidmətlərini təklif edib. Bu barədə bazar ertəsi AZAL Dövlət Konserni baş direktorunun müavini Sabir İlyasov məlumat verib.

"Çox güman ki, biz onların təklifini qəbul edəcəyik",-deyə o bildirib. İlyasovun sözlərinə görə, "qara qutuların" oxunması ilə bağlı problem ola bilər, belə ki, onların içərisinə su daxil olub.

AZAL Dövlət Konserni baş direktorunun müavininin sözlərinə görə, qəza zamanı vertolyotda olan dörd nəfərin cəsədlərinin axtarışı davam etdirilir. Axtarış işlərinə ikisi AZAL-a, ikisi isə, Müdafiə Nazirliyinə məxsus 4 vertolyot, ARDNŞ, Fövqəladə Hallar Nazirliyi və Sərhəd Xidmətinə məxsus 10 gəmi cəlb olunub.

"Qəzanın ilkin səbəbləri məlum deyil. Vertolyot saz vəziyyətdə olub və uçuş heyəti ən yaxşı heyətlərdən biri olub",-deyə İlyasov söyləyib.

Oktyabrın 12-də təxminən saat 21.30-da "Azalheliokopters" müəssisəsinin balansında olan 25152 markalı MI-8 vertolyotu "Bail Limanı" kəşfiyyat dəniz qurğusu idarəsinin əməkdaşlarından biri -- Əsədov Qəhrəman Soltan oğlunun səhhətində yaranan problemlə əlaqədar, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Xəzər -4" üzən qazma qurğusunun yerləşdiyi "Qərbi Abşeron" neft və qaz dəniz yatağı rayonuna çağırılıb. Bu barədə ARDNŞ-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.

Xəstə və onu müşayiət edən Şaşkayev Zahid Cavad oğlunu götürən vertolyot bir müddət sonra qurğudan 200 metr aralıda dənizə düşüb.

Hadisə zamanı vertolyotda 4 ekipaj üzvü - Viktor Qlinenko, Vladimir Nekrasov, Əhməd Əliyev, Cahid İbrahimov və yuxarıda qeyd olunan ARDNŞ-nin əməkdaşları - "Xəzər-4" qurğusunun mühəndisi, 1951-ci il təvəllüdlü Əsədov Qəhrəman Soltan oğlu və 6-cı bölmənin elektriki, 1956-cı il təvəllüdlü Şaşkayev Zahid Cavad oğlu olub.

Qəza ilə bağlı bütün müvafiq orqanlara məlumat verilib. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin əmrinə əsasən, Xəzər Dəniz Neft Donanmasına məxsus "Qaradağ-7", "PSK-21", "PSK-173", "Orion-26", "Neftqaz-10", "Vixr-7", "Macik-1", "Geofizik" gəmiləri, "Çalağan-6" gəmisi ilə dalğıclar, həmçinin, 10 tonluq "Şirvan-3" və 40 tonluq "İslam Kərimov" kranlı gəmiləri qəza rayonuna göndərilib.

Xəbər lenti

Xəbər lenti