Azərbaycan, Bakı, 15 sentyabr / Trend /
"Bank of Azerbaijan" www.mak.az saytı ilə birgə bank üçün ən yaxşı korporativ şüar üzrə açıq müsabiqənin nəticələrini elan edib. Bu barədə çərşənbə axşamı bankdan verilən məlumatda deyilir.
"Korporativ sosial məsuliyyət" siyasəti çərçivəsində müxtəlif peşə icmalarına dəstək göstərən "Bank of Azerbaijan" avqustun əvvəlində Azərbaycanda ilk dəfə olaraq gənc marketoloqlar üçün unikal imkan yaradıb. Belə ki, ölkənin dörd gənc və perspektivli marketoloqu bankın dəstəyi ilə Ukraynanın paytaxtı Kiyevdə Filipp Kotlerin sentyabr ayının 16-da keçiriləcək "Dəyişikliklər dövründə idarəetmə və marketinq" mövzusunda master-klasında iştirak etmək imkanını qazanıblar.
Marketoloqlar cəmiyyətinin 3 üzvü ilə yanaşı, Kotlerin master-klasında iştirak etmək imkanını korporativ şüar üzrə keçirilən müsabiqənin qalibi də əldə edib.
Müsabiqənin effektiv təşkili məqsədi ilə Azərbaycan Marketoloqlar İcmasının biraraya gəldiyi www.mak.az internet-resursunda müsabiqəyə həsr olunmuş mövzu açılıb. Müsabiqə zamanı 100-dən çox iştirakçı 1000-dən artıq şüar göndərib. Bütün təqdim olunan şüarlar bankın rəhbərliyi tərəfindən təhlil olunub. Bank rəhbərliyinin qərarına əsasən, təqdim olunmuş şüarlardan heç biri hazırda bankın viziyon və məqsədlərinə tam cavab vermir.
Bankın şüarı seçilməsə də, bankın rəhbərliyi bu müsabiqəyə olan yüksək marağı nəzərə alaraq, müsabiqənin ən fəal iştirakçılarını dəyərli hədiyyələrlə təltif etmək qərarına gəlib.
"Öz şüarlarını göndərən bütün cavan marketoloqlara dərin minnətdarlığımızı bildiririk. Bankın şüarı seçilməsə də, biz müsabiqədə fərqlənən cavanları mükafatlandırmaq qərarına gəldik. Belə ki, təqdim olunmuş şüarlardan Fərhad Qafarzadənin şüarı daha çox ürəyimizcə oldu. Bu iştirakçı Kiyevdə "Dəyişikliklər dövründə idarəetmə və marketinq" mövzusunda keçirilən master-klasda iştirak edəcək. Biz, müsabiqədə fəal iştirak edən və öz təkliflərini bizə göndərən hər bir şəxsə təşəkkürümüzü bildiririk", - "Bank of Azerbaijan"-ın İdarə Heyətinin sədri Xəyal Şərifzadə deyib.
Şərifzadənin sözlərinə görə, Orxan Yusifov və Mustafa Məmmədov da bu müsabiqədə fərqləniblər. Onlar hesabında pul vəsaiti olan bankın qızıl plastik kartlarına sahib olacaqlar.
Keçirilmiş müsabiqə MakAkademiyanın və www.mak.az saytının müdiri Məmməd Kərimov tərəfindən də yüksək qiymətləndirilib.
"Bank of Azerbaijan" tərəfindən təşkil edilən müsabiqə bu qəbildən ilk müsabiqə idi və çox yüksək səviyyədə keçdi. Müsabiqədə digər bankların əməkdaşları da fəal iştirak etdilər. Bu cür müsabiqələrin keçirilməsi Azərbaycanın gənc marketoloqlarının həvəsləndirilməsi üçün çox önəmlidir", - Kərimov deyib.