...

AMB bir sıra banklar qarşısında birləşmə və ya statusun dəyişdirilməsi tələbini qoyacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2009 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir İ.Xəlilova/

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib ki, bankların birləşdirilməsi siyasəti həmişə bankın əsas prioritetlərindən olub və bu məsələ gələcək illərdə daha da aktuallaşacaq.

"Hazırda bir sıra banklar var ki, onlar ümumiyyətlə bank sistemindən uzaqlaşdırılmalıdırlar və "Qeyri-bank kredit təşkilatları haqqında" qanun qüvvəyə mindikdən sonra biz onların qarşısında birləşmə və ya fəaliyyətlərini qeyri-bank kredit təşkilatı formasında davam etdirmələri tələbini qoyacağıq. Bu AMB-nin gələcək strateji məqsədlərindən biridir", - Quliyev belə deyib.

Hazırda "Qeyri-bank kredit təşkilatları haqqında" qanun ölkə parlamentində ikinci oxunuşda müzakirə olunur.

Onun sözlərinə görə, belə tələb minimal nizamnamə kapitalı tələblərinə cavab verməyən beş-altı bank qarşısında qoyula bilər. Qeyd edək ki, minimal tələb 10 milyon manatdır.

"Biz nizamnamə kapitalı tələbinə əməl etməyən banklardan qeyri-bank kredit təşkilatı kimi fəaliyyət göstərmələrini tələb edəcəyik", - AMB rəsmisi belə deyib.

Bakı Banklararası Valyuta Birjasının rəhbəri Fərhad Əmirbəyov da belə hesab edir ki, artıq bank aktivlərinin və kapitalının birləşdirilməsinin vaxtıdır. Belə ki, bank sisteminin birləşdirilməsi zəruridir.

O deyib ki, Mərkəzi Bankın minimum tələbləri və bankların nizamnamə kapitalları arasında dəfələrlə, hətta on dəfələrlə fərq olmalıdır. "Bu gün 100 miyon manat və daha artıq kapitalı olan bankların və beş milyard manat həcmində fond bazarının olması ölkə iqtisadiyyatına fayda verə bilər", - Əmirbəyov deyib.

Bu gün ölkədə fəaliyyət göstərən 46 bankdan 41-inin nizamnamə kapitalı 10 milyon manatdan artıqdır. Bank sektorunun ümumi kapital qoyuluşu sentyabrın 1-nə 1,92 milyard manat təşkil edir.

Sentyabrın 1-nə ölkənin bank sisteminin aktivləri 10,6 milyard manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti