...

Azərbaycan Prezidenti Ağsuda "Az-Qranata" MMC-nin şirələr və şərab emalı zavodunda tikinti işlərinin gedişi ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2009 19:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə günü Ağsu şəhərində Azərbaycan-Almaniya birgə müəssisəsi olan "Az-Qranata" MMC-nin şirələr və şərab emalı zavodunda tikinti işlərinin gedişi ilə tanış olublar.
Azərbaycan Prezidenti Ağsuda "Az-Qranata" MMC-nin şirələr və şərab emalı zavodunda tikinti işlərinin gedişi ilə tanış olub

Azərbaycan, Bakı, 30 oktyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə günü Ağsu şəhərində Azərbaycan-Almaniya birgə müəssisəsi olan "Az-Qranata" MMC-nin şirələr və şərab emalı zavodunda tikinti işlərinin gedişi ilə tanış olublar. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Zavodun baş planı ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, "Az-Qranata" MMC-nin şirələr və şərab emalı zavodunun ümumi ərazisi 8,8 hektardır. İnşaat işlərinə 2008-ci ilin iyulunda başlanılıb. İnşaat işlərində əsasən yerli materiallardan istifadəyə üstünlük verilib. Bu zavodun Cənubi Qafqaz regionunda analoqu yoxdur.

Qeyd olunub ki, zavodun tikintialtı sahəsi 15 min 600 kvadratmetrdir. Zavod beş sexdən, inzibati bina, mehmanxana və yardımçı tikililərdən ibarətdir. Burada hər birinin tutumu 50 ton olan 50 çən quraşdırılıb.

Bildirilib ki, zavodda ən son texnologiyaya əsaslanan avadanlıq quraşdırılıb. Avadanlığın hamısı Almaniya və Avstriyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu isə öz növbəsində məhsulun qəbulu, şirənin yığılması, onun tərkibinin təmizlənməsi və qablaşdırılması, habelə hazır məhsulun saxlanmasını müasir tələblər səviyyəsində həyata keçirməyə imkan verir. Zavodda nar və üzümdən hazırlanacaq məhsullar tərkibi və qablaşdırılmasına görə ən yüksək səviyyədə olacaq. Burada əlavə qarışıqlar olmadan, nar şirəsi istehsal ediləcək. Bunun üçün Almaniya istehsalı olan pasterilizə avadanlığı alınıb. Zavodda, həmçinin narşərab, nar sousu, üzüm şirəsi və şərab istehsal olunacaq. Narın tumundan alınacaq yağdan isə ətriyyat istehsalında istifadə olunacaq. Narın qabığından isə xüsusi boya hazırlanacaq. Burada quraşdırılan müasir avadanlıq ildə 5 min ton hazır məhsul əldə etməyə imkan verəcək. Gələcəkdə tələbata uyğun olaraq, müəssisənin illik gücü 3 dəfə artırılaraq, 15 min tona çatdırılacaq.

Məlumat verilib ki, müəssisənin min hektar ümumi sahəsi olan meyvə bağları da var. Sahənin 500 hektarında yüksək məhsuldar növ üzüm plantasiyaları və nar bağları salınıb. Qalan sahədə əkin işlərinin aparılması nəzərdə tutulur. Müəssisə Ağsu və ətraf rayonların əhalisindən də məhsul alacaq. Zavoda indiyədək 50 milyon ABŞ dolları sərmayə qoyulub. Burada 10-12 adda məhsul istehsal ediləcək.

Zavodda ümumilikdə min nəfər işləyəcək ki, onların da 350-si müəssisədə, qalanları isə üzüm plantasiyaları və nar bağlarında çalışacaq.

Prezident İlham Əliyevə məlumat verilib ki, gələcəkdə məhsullar bir çox ölkələrə, o cümlədən MDB və Avropa dövlətlərinə ixrac olunacaq.

Binanın mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunması nəzərdə tutulur. Bundan başqa, zavodun ərazisində transformator yarımstansiyası, nəzarət-buraxılış məntəqələri, hər birinin tutumu 300 kubmetr olan iki su anbarı, 50 kubmetrlik təmizlənmiş su anbarı, nasosxana və qazanxana tikilib. Zavodu fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün burada 1000 kilovoltluq ehtiyat generator da var.

Zavodun ətrafı abadlaşdırılıb. Əraziyə 27 500 kvadratmetr asfalt örtüyü salınıb, 25 min kvadratmetr yaşıllıq sahəsi yaradılıb, müxtəlif bəzək, dekorativ və gül kolları əkilib.

Zavod gələn mövsümdən tam gücü ilə işə başlayacaq.

Xəbər lenti

Xəbər lenti