Azərbaycan, Bakı, 11 fevral / Trend /
Ötən gün axşam Muğanlı-İsmayıllı magistral yolunun ikinci kilometrində baş verən sürüşmə nəticəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin cümə axşamı yayılan məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, sürüşmə zonasında yolun 12 metr enində, təxminən, 500 metrlik hissəsi tamamilə dağılıb, ərazidə 1-3 metr dərinlikdə yarğanlar əmələ gəlib. Sürüşmə nəticəsində avtomobillərə ziyan dəyməyib, sərnişinlər xəsarət almayıb.
Həmin yol ölkənin paytaxtını Şimal-Qərb regionu ilə birləşdirən əsas yoldur. Burada nəqliyyatın hərəkətini tezliklə bərpa etmək məqsədilə Bakıdan da texnika cəlb olunub. Hazırda sürüşmə zonasında alternativ yolun çəkilişi istiqamətində işlər davam etdirilir. Hadisə yerinə lazımi texnika cəlb olunub.
Hadisənin baş verdiyi ərazi daimi sürüşmə zonasına aiddir və belə hallar payız-qış aylarında, yağıntılarla əlaqədar olaraq mütəmadi baş verir.
Nəqliyyat Nazirliyi sürücülərdən xahiş edir ki, alternativ yol istifadəyə verilənə qədər hərəkətlərini digər istiqamətlərdə davam etdirsinlər.