Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılov/
Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyası istiqamətində hərəkətin dayanmasına səbəb olan texniki problemlər artıq təkrar olunmayacaq. Bu barədə cümə günü "Yeni Azərbaycan" Partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransında Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.
"Çərşənbə günü (31 mart) 825 voltluq daimi cərəyanın dövri sistemində müşahidə olunan qısaqapanma Bakı Metropoliteninin 42 illik fəaliyyətində ilk dəfə olaraq baş verib. Mən əminəm, bənzər hadisələr bir daha təkrar olunmayacaq",- Əhmədov bildirib.
Onun sözlərinə əsasən, elektrikötürücü xətlərin yoxlanılmasın həyata keçirmək üçün Bakı Metropoliteni kifayət qədər işçi ştatına malikdir. Əgər bənzər hadisə baş versə, bunun günahı metropolitenin üzərinə düşür.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Yeddi stansiya - "İçərişəhər", "Sahil", "28 May", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası" dərin enişlidir, "Bakmil" yerüstü stansiyadır, qalanları isə sütunlu dayaz enişlidir (cəmi 22 stansiya var).