Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir N.İsmayılova/
Dünya Bankı (DB) və Azərbaycan hökuməti Bakı-Şamaxı-Muğan avtomobil yolunun ikizolaqlıdan dördzolaqlıya qədər genişləndirilməsi layihəsi çərçivəsində kredit razılaşmasına dair danışıqları yekunlaşdırıblar. Danışıqların yekununda bank tərəfindən maliyyələşdirilmənin həcminə yenidən düzəliş edilib. Bu barədə bankın Bakı nümayəndəliyindən cümə günü bildirilib.
"Bank layihənin maliyyələşdirilməsinə qarışıq kredit növündə 241,6 milyon dollar ayıracaq (daha əvvəl 246 milyon dollar hesablanıb, lakin sonra kreditin həcmi hətta 234 milyon dollaradək azaldılıb), həmin həcmin 70 milyon dolları 2010-cu maliyyə ilində Azərbaycana Beynəlxalq İnkişaf Assosiasiyasının faizi hesabına güzəştli şərtlərlə veriləcək. 171,6 milyon dollar Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının vəsaitləri hesabına veriləcək. Qalan vəsaitlər dövlətin layihədəki iştirakının payına düşür. Layihənin ümumi dəyəri ƏDV xaric 302 milyon dollar təşkil edir, əvvəlcə isə bu məbləğ 296 milyon dollar nəzərdə tutulmuşdu. ƏDV daxil layihənin qiyməti 350 milyon dollardır.
Həmin yol layhəsinin rəhbəri Jak Bürenin başçılıq etdiyi DB missiyası danışıqlarda iştirak etmək üçün aprelin 5-dən 9-dək Bakıda olub.
"Danışıqlar uğurla keçib və danışıqların yekununa görə birtərəfli qaydada protokol imzalanıb. Maliyyə, İqtisadi İnkişaf, Nəqliyyat və Ədliyyə nazirliklərində razılaşmaların yekununda sənəd Azərbaycan tərəfindən imzalandıqdan sonra DB Direktorlar Şurasının müzakirəsinə veriləcək", - DB nümayəndəliyindən bildirilib.
Bakı-Şamaxı-Muğan yolunun uzunluğu 122 kilometr təşkil edir ki, bunun da 101 kilometri müzakirə olunan layihə çərçivəsində inşa ediləcək, yolun qalan hissəsi isə artıq inşa olunub.
Təsdiqlənmiş layihəyə əsasən, onun tikintisi 90,11 milyon dollar həcmində qiymətləndirilir. 72,09 milyon dollar məbləğində tikinti işlərini DB maliyyələşdirəcək, 18,02 milyon dolları isə Azərbaycan tərəfi ayıracaq.
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bankla əməkdaşlıq dövründə respublikaya 47 layihənin maliyyələşdirilməsi üçün 2,5 milyard dollar məbləğində kreditin verilməsi təqdir edilib.