...

"Dəvəçi Broyler" İSO 22000:2005 sertifikatı alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2010 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Aprelin 27-də "Hyatt Regency" otelində "Səba" məhsullarının istehsalçısı "Dəvəçi Broyler" Açıq Səhmdar Cəmiyyətinin "Qida Məhsullarının Təhlükəsizliyi Menecmenti Sistemi" standartı olan İSO 22000:2005 beynəlxalq sertifikatını alması ilə bağlı mətbuat konfransı keçirilib. Şirkətin baş direktoru Zakir Əzimovun, keyfiyyət menecmenti şöbəsinin müdiri Rüfət Məmmədzadənin və digər mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirdə bu standartın əhəmiyyəti, qida sənayesində tətbiqi və digər özəllikləri ilə bağlı ətraflı məlumat verilib.

Beynəlxalq İSO 22000:2005 - Yeyinti Məhsullarının Təhlükəsizliyi Standartının tətbiqinə şirkətdə 2007-ci ilin sonlarından etibarən başlanılıb. İki il davam edən və ümumilikdə 7 mərhələdən ibarət olan sertifikatın tətbiq olunması prosesində şirkətin istehsal prosesindəki bütün kritik nöqtələr müəyyən olunub və xüsusi müəyyən olunmuş işçi HACCP qrupu tərəfindən onlar nəzarətə götürülüb. Müəssisədə bununla bağlı mütəmadi olaraq beynəlxalq konsultasiya şirkətindən gələn mütəxəssislərin iştirakı ilə müxtəlif təlim kursları və seminarlar keçirilib və istehsalat prosesinin təkmilləşdirilməsi işi aparılıb. Beləliklə, bütün bunların nəticəsi olaraq bu ilin əvvəlində Almaniyanın TÜV Thüringen beynəlxalq audit təşkilatının yeyinti məhsulları üzrə baş auditoru Marco Hoffmanın başçılığı ilə audit komandasının apardığı 5 günlük auditdən sonra "Dəvəçi Broyler" ASC Azərbaycanda ilk quş əti istehsalçısı olaraq İSO 22000:2005 sertifikatına layiq görülüb.

İSO 22000 standartı 2005-ci ildə qəbul edilməsinə baxmayaraq, bu standartın tarixi daha əvvəllərə - 1960-cı illərə gedir çıxır. Bu sistem o zamanlar ABŞ Müdafiə Nazirliyi tərəfindən ordunu qida ilə təmin edən podratçı şirkətlərə tətbiq edilməklə inkişaf etdirilib, daha sonralar isə bir qədər də genişlənərək ABŞ-a idxal edilən bütün ərzaq məhsullarına tətbiq edilməyə başlanılıb. Getdikcə əhalinin qida təhlükəsizliyinin təmin edilməsində ən sanballı vasitələrindən birinə çevrilən sistem artıq bir çox inkişaf etmiş ölkələrdə qanunvericilik səviyyəsində bir tələbdir.

Sözügedən sertifikatın alınması "Səba" məhsullarını dünya bazarına çıxarmaq yolunda önəmli bir addım olduğu üçün bu məsələyə hər zaman böyük önəm verilib. Belə ki, hazırda müəssisədə ən azı 100 çeşiddə məhsul istehsal edilməsi nəzərdə tutulur ki, bu da başlıca olaraq quş ətinin geniş emalı hesabına əldə ediləcək.

Xəbər lenti

Xəbər lenti