Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.İsmayılov/
Niderlandın "Van Oord BV" şirkəti Ələt qəsəbəsində yeləşəcək yeni beynəlxalq ticarət limanı kompleksinin hövzəsində dəniz dibinin dərinləşdirilməsi üzrə işlər aparacaq. Trend-in məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov hakim Yeni Azərbaycan Partiyasının internet saytında yerləşdirilən müsahibəsində deyib.
Hazırlıq işlərinə bu il başlanılıb.
Onun sözlərinə görə, bundan əvvəl "Van Oord BV" və "Azərkörpü" ASC yeni limanın giriş kanalının dərinləşdirilməsi və manevr akvatoriyası üzrə işlərin aparılmasına və ərazinin tikinti işlərinə hazırlığı üçün keçirilən tenderin qalibi olub.
Bundan əvvəl Niderlandın "Royal Haskoning BV" Nəqliyyat Nazirliyinin sifarişi ilə kompleksin baş planını və iş layihəsini hazırlayıb. Buna 8,2 milyon manat xərclənib. Bunun 3,2 milyon manatından 2010-cu ildə istifadə edilib.
Ələt qəsəbəsində yeni dəniz limanının tikintisi üç mərhələdə həyata keçiriləcək və 2015-ci ildə başa çatdırılacaq. Layihənin 2008-2010-cu illəri əhatə edən birinci mərhələsində konteynerlərin, "ro-ro" tipli gəmilərin və adi (universal) quru yüklərin qəbulu üçün iki bərə, üç yük körpüsünün inşası nəzərdə tutulur. 2011-2013-cü illəri əhatə edən ikinci mərhələdə daha üç yük körpüsünün inşası, üçüncü mərhələdə isə (2014-2015) iki əlavə yük körpüsünün inşası nəzərdə tutulur. Limanın inşa layihəsi 400 milyon dollardan çox qiymətləndirilir.
Ələt limanı çoxmodullu olacaq. Belə ki, logistik mərkəzlə yanaşı, gələcəkdə bu ərazidə azad iqtisadi zonaların yaradılması planlaşdırılır.