Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir S.Əliyev/
Bu gün səhər Dağıstanda dəmir yolunda baş vermiş partlayış Azərbaycanla Rusiya arasında qatarların hərəkət cədvəlinə təsir etməyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, Bakıdan yola düşən yeganə reys Bakı-Tümen reysi olub, o hələ Rusiya sərhəddinə çatmayıb.
Eləcə də hazırda Rusiyadan Moskva-Bakı qatarı gəlir. Reys bu gün axşam Bakıya çatmalıdır. Əzməmmədovun sözlərinə görə, Rusiya tərəfi partlayışın baş verdiyi sahədə qatarların hərəkətinə məhdudiyyət qoymayıb.
Partlayıcı qurğu Moskva vaxtı ilə saat 07:20 radələrində Dağıstanda yük qatarının hərəkət yolunda işə düşüb. Bu barədə "RİA Novosti"yə respublika üzrə Nəqliyyatda Daxili İşlərin Xətt İdarəsinin nümayəndəsi məlumat verib.
İlkin məlumatlara görə, ölən və yaralanan yoxdur. Vəziyyət dəqiqləşdirilir.
Bir müddət əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-dən deyildiyi kimi, son vaxtlar Dağıstan ərazisindəki dəmir yollarında tez-tez partlayış baş verməsi ilə əlaqədar Rusiya istiqamətində sərnişindaşımaların həcminin azalması müşahidə olunur.
Martın 26-dan Azərbaycanla Rusiya arasında dəmir yol qatarlarının hərəkətinin yeni cədvəlinin tətbiq olunacağı gözlənilir.
Dəmir yollarında tez-tez partlayışların baş verməsi ilə əlaqədar "Rusiya Dəmir Yolları" ASC saat 18:00-dan 06:00-dək Dağıstan və Çeçenistan ərazisindən sərnişin qatarlarının hərəkətini dayandırıb. Qadağa fevralın 9-dan tətbiq olunmağa başlayıb. Bu tədbirlər sərnişin və yük qatarlarının təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilir.