...

Azərbaycanda gömrük rüsumları tamamilə nağdsız hesablaşmaya keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 20:04 (UTC +04:00)
Cari ilin birinci rübündə Dövlət Gömrük Komitəsi tərəfindən proqnozlaşdırılan 240 milyon manata nisbətdə aparılan idxal-ixrac əməliyyatlarından 240,6 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.
Azərbaycanda gömrük rüsumları tamamilə nağdsız hesablaşmaya keçirilib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.İsmayılov/

Cari ilin birinci rübündə Dövlət Gömrük Komitəsi tərəfindən proqnozlaşdırılan 240 milyon manata nisbətdə aparılan idxal-ixrac əməliyyatlarından 240,6 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Aydın Əliyev çərşənbə axşamı Nazirlər Kabinetinin 2011-ci ilin I rübündə respublikanın sosial-iqtisadi inkişafına həsr olunmuş geniş iclasında bildirib. İclas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilib.

DGK rəhbərinin sözlərinə görə, 2011-ci il dövlət büdcəsində Dövlət Gömrük Komitəsi üçün 1 milyard 120 milyon manat büdcə öhdəliyi proqnozlaşdırılıb. Artıq birinci rübdə proqnoza 100,2 faiz əməl edilib.

Əliyev bildirib ki, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan bütün gömrük idarələrində şəffaflığın təmin olunması məqsədilə POS-terminallar quraşdırılıb, qanunvericilikdə müəyyən edilmiş bütün gömrük ödənişlərinin bank və plastik kart vasitəsilə aparılmasına başlanıb.

Onun sözlərinə görə, eləcə də göstərilən xidmətlərin operativliyinin və şəffaflığın artırılması məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün Bakıda Baş Gömrük İdarəsi və Astara gömrük idarələrində elektron idarəetmə sisteminin tətbiqinə başlanıb, qısa müddət ərzində digər gömrük orqanlarında da bu sistemin tətbiqi tam təmin olunacaq.

Həmçinin, gömrük əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət gücləndirilib.

Aprelin 13-nə olan rəsmi məzənnə 0,792 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti