Azərbaycan, Bakı, 28 aprel /Trend/
Azərbaycanın "Qarant Sığorta" şirkəti əməkdaşlarının peşəkar inkişafını təmin etmək məqsədilə Beynəlxalq tələbə və gənc mütəxəssislərin mübadiləsi təşkilatı - AISEC ilə əməkdaşlığa başladı. Əməkdaşlığın əsas məqsədi "Qarant Sığorta" şirkətinin işçilərinin xarici ölkələrin müxtəlif sığorta şirkətlərində təcrübə qazanması, həmçinin şirkətə digər ölkələrdən mütəxəssislərin cəlb edilməsidir. Bununla yanaşı, tələbə və universitet məzunları da bu təhsil proqramından yararlanmaq imkanı əldə edəcək. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
"Qarant Sığorta" şirkətinin idarə heyətinin sədri Vaqif Həsənov bildirib ki, bu cür müqavilələrin imzalanması Azərbaycan gəncliyinin müxtəlif sahələr üzrə peşəkarlaşmasına əsl töhfədir.
Dünyanın 110-dan çox ölkəsində 50 mindən yuxarı üzvü olan AISEC təşkilatı gənclərə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməklə liderlik bacarıqları qazanmaq və qlobal təhsil proqramlarından faydalanmağa şərait yaradır.
"Qarant Sığorta" şirkəti öz faktiki fəaliyyətinə 2008-ci ilin əvvəlindən başlayıb. Qısa müddət ərzində Azərbaycanın ən tələb olunan sığorta şirkətlərindən birinə çevrilən "Qarant Sığorta"nın nizamnamə kapitalı 4 milyon manat təşkil edir və 2010-cu ilin nəticələrinə görə, Azərbaycanın 10 ən böyük sığorta şirkətindən biridir.