...

Azərbaycan bankı "DəmirBank" lizinq portfelini 1,5 dəfə artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2011 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir N.İsmayılova/

İlin sonuna kimi Azərbaycan bankı "DəmirBank" lizinq portfelini 1,5 dəfə artırmağı planlaşdırır. Bu barədə Trend-ə çərşənbə axşamı bankın idarə heyətinin sədri Roman Əmircanov bildirib.

"Bu gün bankın lizinq portfeli 5 milyon manata yaxın təşkil edir və ilin sonunadək onun 7,5 milyon manatadək çatdırılması planlaşdırılır", - o deyib.

Onun sözlərinə görə, Azərbaycanda lizinq xidmətləri əsasən mənzil tikintisi sahəsində göstərilir.

"Biz tikintinin aktivləşməsi və ölkədə infrastruktur layihələrinin reallaşdırılması ilə bağlı lizinq bazarının da aktivləşəcəyini gözləyirik", - Əmircanov deyib.

Onun sözlərinə görə, bank faizlərin müəyyən edilməsi məsələsinə mühafizəkarcasına yanaşdığından lizinq əməliyyatları üzrə faiz dərəcələrini artırmağı planlaşdırmır. Bu gün faizlər illik 20 faizlə 24 faiz arasında dəyişir.

"DəmirBank" aşağıdakı sahələrdə əmlak və avadanlıqların alınması üçün lizinq xidmətləri təklif edir: nəqliyyat - minik, sərnişin, yük avtomobilləri; istehsalat - qida sənayesi üçün avadanlıq və cihazlar, ağac emalı və mebel istehsalı sahəsində, yüngül sənaye, metallurgiya, qeyri-standart istehsal sahələri, tikinti materikalları sahəsi; xidmətlər - tibb, maliyyə, nəqliyyat, İT, reklam və nəşriyyat xidmətləri, idman-sağlamlıq kompleksləri, poçt və rabitə; tikinti - inşaat və təmir avadanlıqları; kənd təsərrüfatı - istehsalat və məhsul emalı üçün avadanlıqlar.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Mayın 10-na olan rəsmi məzənnə 0,7911 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti