...

Azərbaycan və Dünya Bankı gələcəkdə də uğurlu əməkdaşlığı davam etdirəcəklər - kənd təsərrüfatı naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2011 13:53 (UTC +04:00)
Dünya Bankının (DB) "Azərbaycanın kənd investisiyaları" (AzRIP) layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi çərçivəsində hazırlıq işləri artıq başa çatıb.
Azərbaycan və Dünya Bankı gələcəkdə də uğurlu əməkdaşlığı davam etdirəcəklər - kənd təsərrüfatı naziri

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir A.Axundov/

Dünya Bankının (DB) "Azərbaycanın kənd investisiyaları" (AzRIP) layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi çərçivəsində hazırlıq işləri artıq başa çatıb. Bu barədə DB-nin ölkədəki nümayəndəliyinin rəhbəri Cozef Ouenlə görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov deyib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"AzRIP layihəsinin uğurlu nəticələri onun davam etdirilməsi üçün əsaslı zəmin yaratdığına görə bu istiqamətdə layihənin əlavə maliyyıləşməsi üzrə saziş uğurla icra edilir", - Abasov qeyd edib.

AzRIP layihəsinin həyata keçirilməsinə dair kredit müqaviləsi 2004-cü il sentyabrın 23-də imzalanıb və 2004-cü il dekabrın 29-da qüvvəyə minib. Layihənin ümumi dəyəri 21,1 milyon dollar təşkil edir ki, bunun da 15 milyon dolları Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA), 3,3 milyon dolları Yaponiya hökumətinin qrantının payına, qalan hissəsi isə hökumətin payına (1,250 milyon dollar) düşür. 2010-cu ilin aprelində AzRIP layihəsinin ümumi məbləği 21,5 milyon dollar olan əlavə maliyyələşdirilməsi üzrə kredit sazişi imzalanıb.

Abasovun sözlərinə görə, həyata keçirilməsi 2012-ci ilə nəzərdə tutulan layihənin ikinci mərhələsinin ümumi dəyəri 54 milyon dollar olacaq. Bundan 30 milyon dollar BİA, 20 milyon dollar Azərbaycan hökuməti və 4 milyon dollar isə icmaların payına düşəcək. DB bundan əvvəl AzRIP layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi üçün planlaşdırılan məbləğin 30 milyon dollardan 50 milyon dollaradək olduğunu açıqlamışdı.

"Layihənin həyata keçirilməsi kənd yerlərində infrastrukturun yaxşılaşması, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, yerlərdə miqrasiyanın azaldılmasına dəstək verəcək", - Abasov qeyd edib.

Nazir Dünya Bankı və Azərbaycan arasında əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.

AzRIP layihəsindən başqa, hazırda Azərbaycanda kənd təsərrüfatının inkişafı və kreditləşməsi proqramının ikinci mərhələsi davam edir. Layihə üzrə kredit sazişi 2006-cı ilin payızında imzalanıb. Bu layihənin həyata keçirilməsi fermerlərin gəlirlərinin və kənd təsərrüfatı müəssisələrinin səmərəliliyinin artmasına xidmət edir. Layihə 2007-ci ildən həyata keçirilməyə başlayıb. O, 4 il üçün nəzərdə tutulub.

Layihənin ümumi dəyəri 58 milyon dollar təşkil edir, Dünya Bankının kreditinin payına 30 milyon dollar düşür. Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) vəsaitlərindən 20,5 milyon dollar, 8 milyon dollar BİA şərtlərinin sərtləşdirilməsi üçün ayrılıb. Bu da 35 il müddətinə ödənişi 10 il güzəştli olmaqla, libor-2 faiz dərəcəsi ilə hesablanıb.

Bankın Azərbaycandakı indiki portfeli ümumi dəyəri 2,3 milyard dollar olan 20 layihədən ibarətdir. Azərbaycan 1992-ci ildən DB ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində bank hazırda 43 layihənin maliyyələşdirilməsinə 2,9 milyard dollar ayırıb, bu isə Türkiyə və Qazaxıstandan sonra ölkəni portfelin həcminə görə üçüncü yerə qoyur.

Xəbər lenti

Xəbər lenti