...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının 10 faizlik artımı proqnozlaşdırlır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2011 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Axundov/

İlin sonunadək Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsullarının istehsalında 10 faizlik artım gözləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

"Bununla yanaşı, dənli bitkilərin istehsalında artım 23 faizə yaxın təşkil edəcək ki, bu da yaxşı göstəricidir", - nazir deyib.

2011-ci ilin səkkiz ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 9,4 faiz, o cümlədən bitkiçilik 13,7 faiz, heyvandarlıq məhsulları 4,2 faiz artıb.

Sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 942,5 min hektar ərazidən qarğıdalı da daxil olmaqla, 2,35 milyon ton dənli bitki yığılıb. Kənd təsərrüfatı mallarının məhsuldarlığı hər hektardan 24,9 sentner (4,8 h/s artım) təşkil edib.
Mövsüm başlayandan sahələrdən 688,7 min ton kartof (ötən ilin analoji dövrü ilə müqayisədə 38 min ton artım), 962 min ton tərəvəz (31,5 min ton artım), 295,8 min ton meyvə və giləmeyvə (47,7 min ton artım), 442,1 min ton bostan məhsulları (66,7 min ton artım), 398 ton yaşıl çay yarpağı (17,8 ton artım), 2114,2 ton tütün (343 ton artım), 24 min ton üzüm (855 ton artım) yığılıb.

Heyvandarlıq sahəsində ilk səkkiz ay ərzində 285,5 min ton ət, 1,07 min ton süd, 664,5 milyon ədəd toyuq yumurtası, 14,7 min ton yun istehsal edilib.

Ət istehsalı ötən ilin anoloji dövrü ilə müqayisədə 4,8 faiz, süd 7,7 faiz, yun 5,6 faiz artıb, toyuq yumurtası isə 16,3 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti