Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
Sentyabrın 30-da Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 39 ünvanında Bank of Baku-nun yeni "Xırdalan" filialının açılışı oldu. Filialın rəsmi açılış mərasimində Bank of Baku-nun Müşahidə Şurasının sədri Elçin İsayev, Xırdalan şəhəri İcra Hakimiyyəti başçısının müavini Mirzə Aslanov, bankın İdarə Heyətinin sədri Fərid Əlizadə, sədr müavinləri, həmçinin bankın tərəfdaşları və daimi müştəriləri də iştirak ediblər.
Bankdan Trend-ə verilən məlumata görə, yeni filialın açılışı ilə bağlı Bank of Baku-nun İdarə Heyətinin sədri Fərid Əlizadə qeyd edib ki, regional şəbəkənin aktiv inkişafı Bank of Baku-nun prioritet strateji məqsədlərindən biri olaraq qalır. "Xırdalan" filialının açılışı yerli əhaliyə və iş adamlarına bütün növ bank xidmətlərini təqdim edərək Xırdalan şəhərinin iqtisadi və sosial inkişafına müsbət təsir göstərməlidir", - o deyib.
Əlizadə onu da vurğulayıb ki, bankın əsas istiqamətlərindən biri müasir texnologiyalardan istifadə edərək daim müştəri xidmətlərinin keyfiyyətini artırmaqdır. Belə ki, "Xırdalan" filialında müştərilərin rahatlığı üçün quraşdırılmış xüsusi ödəniş terminalları həftənin 7 günü 24 saat ərzində istehlak və pul kreditləri üzrə ödənişləri və cari hesablarının artırılması kimi əməliyyatları həyata keçirməyə imkan yaradır. O, həmçinin xüsusilə qeyd edib ki, Bank of Baku-nun korporativ üslubunda müvafiq dəyişiklik aparılıb və "Xırdalan" filialı Bank of Baku-nun yeni üslubda tərtib olunan ilk filialıdır.
Filialın açılışında çıxış edən İcra Hakimiyyəti başçısının müavini Mirzə Aslanov qeyd edib ki, Bank of Baku-nun filialı Xırdalan şəhərində açılan artıq 7-ci bank filialıdır və bu da öz növbəsində şəhərin potensialına yüksək qiymətin verilməsinə təsdiqdir. "Xırdalan şəhəri hazırda sürətlə inkişaf edir. Şəhərin əlverişli yerləşməsi buraya iri şirkətlərin, maliyyə qurumların və investorların marağını artırır", - o deyib.
130 mindən artıq əhalisi olan Xırdalan şəhərində açılan Bank of Baku-nun yeni tərtibatda işlədilmiş filialı fiziki və hüquqi şəxslərə hesabların açılması, depozitlərin qəbul edilməsi, istehlak, pul və biznes kreditlərinin verilməsi, kommunal ödənişlər, Azercell, Bakcell, Nar Mobile danışıqları üzrə ödənişlərin qəbul edilməsi, təcili pul köçürmələri, plastik kartların sifariş edilməsi, mübadilə əməliyyatları və s. kimi geniş çeşidli bank məhsul və xidmətlərini təklif edir.
"Xırdalan" filialı 2011-ci ildə Bank of Baku tərəfindən müştərilərinin xidmətinə verilən ikinci filialdır. Hazırda Bank of Baku-nun artıq 18 filialı əhaliyə peşəkar bank xidmətlərini təqdim edir.