...

Azərbaycan bankı "AccessBank"da yeni təyinatlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2011 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr / Trend/

Çərşənbə günü "AccessBank" təsisçilər tərəfindən Bankın Müşahidə Şurasının yeni üzvlüyünə Yeva Uittin, sədrliyinə isə Orxan Aytemizin təyin olunduğunu elan edib. Trend-in məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Layihə Maliyyələşdirməsi Qrupunun direktoru Aytemiz "AccessBank"ın yaradıldığı 2002-ci ildən etibarən Bankın Müşahidə Şurasının üzvüdür, indi isə o, Müşahidə Şurasının Sədri seçilib. İlk dəfə olaraq Şura üzvlüyünə qəbul edilən Uitt KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru, eləcə də AccessBank-ın təsisçilərindən biri olan AccessHolding (16.53%) şurasının üzvü olub. Buna görə də o, regionla və "AccessBank"la yaxşı tanışdır. KfW (Kreditanstalt für Wiederaufbau - Alman Federal Hökumətinin İnkişaf Bankı) və QDTİB da "AccessBank"ın təsisçiləri sırasındadır və onlardan hər biri səhmlərin 20%-nə malikdir.

Yuxarıda göstərilən təyinatlar, "AccessBank"ın Müşahidə Şurasının keçmiş sədri Michael Jainzikin öz vəzifəsindən istefa verməsindən sonra baş tutub. Vaxtilə KfW Frankfurt ofislərində əsas sektor üzrə iqtisadçı vəzifəsinə çalışmış Jainzik KfW Namibiya Ofisinin Direktoru təyin edildikdən sonra "AccessBank"ın Müşahidə Şurasının tərkibindən çıxıb, çünki onun yeni təyinatından sonra Müşahidə Şurasında qalması fiziki baxımdan çətinləşib. Jainzik 2006-cı ilin dekabrından etibarən "AccessBank"ın Müşahidə Şurasının Sədri və üzvü olub, buna qədər isə, bankın fəaliyyətə başladığı ilk vaxtlardan o, KfW çərçivəsində "AccessBank"ın fəaliyyətinə görə məsuliyyət daşıyıb.

"AccessBank"ın baş meneceri Andrü Pospielovsky yeni təyinatları şərh edərək deyib: "Biz Jainzikə uzunmüddətli fəaliyyətinə və AccessBank-ın inkişafına verdiyi töhfələrə görə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda, biz bu cür güclü Müşahidə Şurasının yaradılmasına görə təsisçilərimizə təşəkkür edirik. Cənab Aytemiz də, xanım Uitt də özlərinin müvafiq təşkilatlarında rəhbər şəxslərdən və təcrübəli mütəxəssislərdən biridir və onların Müşahidə Şurasına təyin olunması təsisçilərin bankımıza sədaqətini bir daha nümayiş etdirir."

Aytemiz Müşahidə Şurasının Sədri vəzifəsinə təyin olunarkən deyib: "AccessBank-ın yaradıldığı gündən etibarən, onun sürətlə inkişaf etdiyi bütün dövrlərdə Bankla bilrikdə olduğumdan, indi, Müşahidə Şurasının Sədri vəzifəsinə təyin edilməyimdən qürur duyur və eyni zamanda, böyük məsuliyyət hiss edirəm. Ümid edirəm ki, Bankın rəhbərliyi və işçi heyəti ilə birgə, biz Azərbaycan iqtisadiyyatının inkişafı və diversifikasiyası üzrə öz aparıcı missiyamızı davam etdirə biləcəyik."

Müşahidə Şurasının üzvlüyünə qəbul olunarkən xanım Uitt deyib: "KfW direktoru və AccessHolding Şurasınlın üzvü kimi, mən uzun illər ərzində AccessBank-ın sürətli inkişafını və davamlı uğurlarını müşahidə etmişəm. İndi mən həm Bankın, həm də bütünlüklə Azərbaycanda kiçik biznesin inkişafına öz töhfəmi vermək niyyətindəyəm."

"АccessBank"ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" kimi tanınıb. "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti