Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir A.Axundov/
Gələn il Azərbaycanda ünvanlı sosial yardım (ÜSY) alan vətəndaşların sayında kəskin artım gözlənilmir. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.
"Ehtiyac meyarının səviyyəsinin qalxması ilə əlaqədar (hazırda 75 manat təşkil edir) ÜSY alanların sayı artacaq, lakin il ərzində maaşlar, pensiyalar, sosial müavinətlər, yəni əhalinin gəliri də artır ki, bu da imkansızların sayına təsir edir. Buna görə də ÜSY alanların sayında kəskin artım gözlənilmir", - Rəhimov deyib.
Nazir müavini ehtiyac meyarının gələn ilə qədər 80 manata çatdırılması imkanlarını da istisna etməyib.
Onun sözlərinə görə, gələn ildən etibarən nazirlik bütün ölkədə ünvanlı dövlət sosial yardım proqramı çərçivəsində "Özünüdəstək" layihəsini tətbiq etməyə başlayacaq.
"Hazırda biz bu pilot layihənin yekun mərhələsindəyik", - Rəhimov deyib.
Nazirin müavinin sözlərinə görə, bu layihə əhali arasında geniş rezonansa səbəb olub.
"Əgər başlanğıcda biz bu layihəni kənd təsərrüfatı sahəsində tətbiq etməyi düşünürdüksə, artıq indi başqa sahələrdən də bizə müraciətlər gəlir", - o qeyd edib.
Layihə çərçivəsində, mal və ya materialın qiymətindən asılı olaraq, ailələrə biznes-layihələr altında eyni vaxtda illik və yarımillik ünvanlı yardımın miqdarı ayrılacaq.
2011-ci il ərzində analoji pilot işlər Masallı, İsmayıllı və Quba rayonlarında həyata keçiriləcək.
Sosial cəhətdən zəif vətəndaşlara yardımların belə formalarının tətbiqi ötən son dörd il ərzində ünvanlı sosial yardım proqramlarının təhlilinin aparılmasından sonra qəbul edilib. Bu zaman əhalinin yoxsul təbəqələrinin sosial təminat proqramlarına cəlb edilməsinə böyük tələbatın olduğu aşkara çıxıb.
Dünya Bankı ilə birgə yaradılan sosial yardımların verilməsi üzrə yeni proqram əhalinin aztəminatlı təbəqələri üçün şərait yaradılmasına kömək edəcək. Analoji təcürbə Rusiyanın beş regionunda uğurla tətbiq olunur və azərbaycanlı mütəxəssislər onunla tanış olublar.
Azərbaycan 2006-cı ildən ÜSY sisteminə keçib. Sosial yardım 75 manatlıq yaşayış minimumu ilə ailənin bir üzvünün gəlirinin həcmi arasındakı fərqlə müəyyən edilir.
2011-ci ildən Azərbaycanda ehtiyyac meyarı 15,4 faiz artaraq 75 manat olub.
Oktyabrın səkkizinə olan rəsmi məzənnə 0.7869 AZN/USD təşkil edir.