Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan mənzil və yol tikintisində büdcə vəsaitlərindən səmərəli istifadə təcrübəsini bölüşə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Federasiyası Hesablama Palatasının sədri Sergey Stepaşin bildirib.
"Azərbaycan, həmçinin Neft Fondunun vəsaitlərindən səmərəli istifadə təcrübəsinə malikdir", - Stepaşin deyib.
Onun sözlərinə görə, Azərbaycanın Hesablama Palatası bütün beynəlxalq standartlara cavab verir və beynəlxalq təşkilatlarda mühüm yer tutur.
"Azərbaycanın Hesablama Palatası beynəlxalq aspektdə tanınıb. Ona görə də 2013-cü ildə ölkədə təxminən 50 ölkədən - Avropa və ərəb ölkələrinin Hesablama palatalarının iştirakı ilə iri forum keçiriləcək. Forumun gündəliyi hələ müəyyən edilməyib", - Stepaşin deyib.
Palata sədrinin sözlərinə görə, Azərbaycan və Rusiya sərhəddə gömrük məsələləri üzərində çalışırlar.
"Azərbaycan tərəfdən Rusiya ilə sərhəddə gömrük işləri üçün hər cür şərait yaradıldığı halda, təəssüf ki, Dağıstan tərəfdə gömrük orqanlarının fəaliyyəti ilə bağlı problemlər var. Biz ikitərəfli əməkdaşlığın digər aspektləri üzrə olduğu kimi, burada da problemin yaranmaması üçün yoxlamalar aparırıq", - Stepaşin deyib.
Onun sözlərinə görə, həmçinin Qəbələ RLS-in icarə haqqı həcminin dəyişməsi ilə bağlı problem yoxdur.
Rusiyanın Hesablama Palatasının sədri Azərbaycanın Hesablama Palatasının yaranmasının on illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edir.