...

Azərbaycan Şimali Qafqazda investisiya fəaliyyətini aktivləşdirməkdə maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2011 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir N.İsmayılova /

Azərbaycan Şimali Qafqaz regionlarındakı yerli şirkətlərlə investisiya fəaliyyətini aktivləşdirməkdə maraqlıdır. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev dünən Mahaçqalada keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.

"Biz şirkətlərimizin investisiya fəaliyyətini aktivləşdirməkdə, kooperasiya əlaqələrinin qurulmasında, bütövlükdə Rusiya Federasiyası, eləcə də Şimali Qafqaz regionu ilə ticarət dövriyyəsinin həcmlərinin gələcəkdə artırılmasında maraqlıyıq", - nazir deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyaytı Cənubi Qafqaz ölkələrinin hamısının iqtisadiyyatlarının 80 faizini təşkil edir. Ölkənin dinamik inkişafı nəticəsində yerli şirkətlərin maliyyə imkanları xeyli artıb və onlar da öz növbəsində, qonşu ölkələrə, eləcə də Şimali Qafqaz regionuna fəal yatırımlar həyata keçirməyə başlayıblar.

"Bundan əlavə, Azərbaycanın bəzi şirkətləri ticarət sahəsində Şimali Qafqazdakı tərəfdaşları ilə fəal əməkdaşlıq edir. Məsələn, BASF şirkəti Dağıstana kimyəvi məhsullar, Bismak şirkəti un məmulatları, Elba şirkəti isə regiona ət məhsulları ixrac edir", - Mustafayev qeyd edib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanın idxalının ümumi həcmində Rusiya birinci yeri tutur. 2010-cu ildə iki ölkə arasınada mal dövriyyəsi 2 milyard dollara yaxın, 2011-ci ilin yanvar sentyabrında isə 62,8 faiz artaraq 2,1 milyard dollara yaxın təşkil edib.

"Əməkdaşlığın mühüm istiqaməti tərəflərin qarşılıqlı investisiyalarıdır. 2004-cü ildən 2010-cu ilədək Azərbaycanda Rusiya kapitallı 233 müəssisə qeydiyyatdan keçib. Son illər ərzində Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 400 milyon dollara yaxın yatırımlar edilib", - o deyib.

Nazirin sözlərinə görə, hazırda Şimali Qafqazda bir sıra Azərbaycan müəssisələri fəaliyyət göstərir. Belə ki, Azersun Holding Stavropol diyarında çay istehsalı zavodu tikir. İlin sonunadək holdinq həmçinin konserv zavodu açmağı da planlaşdırır. Distribüter şəbəkəsi vasitəsilə ilə bu holdinqin məhsulları Şimali Qafqazın müxtəlif şəhərlərində, o cümlədən Mahaçqalada, Dərbənddə, Nalçikdə satılır. Bu şirkət həmçinin Dərbənd şəhərində də məktəblərin, xəstəxanaların, yaşayış evlərinin və digər obyektlərin tikintisində yaxından iştirak edir. Karvan L şirkəti dam örtükləri istehsalı zavodunun layihələndirilməsi və onun avadanlıqlarla təchiz olunmasında iştirak edir. Bununla yanaşı, şirkət Dağıstanın tikinti sektorunda fəaliyyətini genişləndirməyi planlaşdırır. Mətanət A şirkəti Soçi şəhərində boya istehsalı zavodu tikmək fikrindədir. Eyni zamanda, şirkət Qaraçay-Çərkəz Muxtar Respublikasında gips yataqlarının alınmasında və müvafiq məhsulun istehsalının təşkilində maraqlıdır.

Mustafayev dünən Mahaçqalada keçirilən Azərbaycan-Rusiya biznes forumunda iştirak edən nümayəndə heyətinə rəhbərlik edib. Nümayəndə heyətinin tərkibinə iqtisadiyyatın kənd təsərürfatı və qida sənayesi, tikinti, sənaye, maliyyə sektoru və sığorta, logistika kimi sahələrində fəaliyyət göstərən 40-dan artıq holdinq və şirkətin nümayəndələri daxil olub.
Səfər Prezident İlham Əliyevin tapşırığına uyğun, RF hökuməti sədrinin müavini RF Prezidentinin Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin oktyabrda Bakıya səfəri zamanı əldə edilən razılaşmaya müvafiq həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti