Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Atəşgah Həyat" həyat sığortası şirkətinin 4 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı komitənin məlumatında deyilir.
Emissiyanın yerləşdirilməsi 3300 manat nominalında olan 1000 səhmin elə bu həcmdə 4000 manat nominallı səhmlərə konvertasiyası yolu ilə keçiriləcək.
Bununla da şirkətin nizamnamə kapitalı 0,7 milyon artaraq 4 milyon manata çatdırılacaq.
2008-ci ilin dekabrında təsis edilən "Atəşgah Həyat" SŞ ölkədə həyat sığortası üzrə ilk şirkətdir.
"Atəşgah Həyat" SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.
Dekabrın 27-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.