Azərbaycan, Bakı, 10 yanvar /Trend/
2011-ci il ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 31053 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Bu barədə Trend-ə çərşənbə axşamı Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
18554 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 2760 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 3316 vergi ödəyicisi aşkar olunub, 4910 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə razılıq (lisenziya) almadan məşğul olması faktları müəyyən edilib.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 2807 vergi ödəyicisi tərəfindən 5207 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 1375 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar olunub. Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı 643 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 9739 ədəd mal aşkar edilib.
Operativ nəzarət tədbirləri zamanı aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 15 milyon 548 min 73 manat məbləğində maliyyə sanksiyası və inzibati cərimə tətbiq edilib.