Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir A.Axundov/
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti 2011-ci il ərzində sığorta şirkətlərinin əsassız olaraq ödəməkdən imtina etdiyi təxminən 245 min manat həcmində ödənişi təmin edib. Bu barədə çərşənbə axşamı Trend-ə Dövlət Xidmətinin sektor müdiri Mahir Abdullayev deyib.
"Ödənişlər sığorta şirkətlərinin əsassız olaraq ödəməkdən imtina etdiyi sığorta halları nəticəsində ziyan çəkənlərin Maliyyə Nazirliyinə şikayətləri əsasında təmin edilib", - Abdullayev qeyd edib.
Onun sözlərinə görə, 2010-cu illə müqayisədə bu həcm 45 min manat artıb.
Azərbaycanda 29 sığorta və 1 təkrar sığorta şirkəti fəaliyyət göstərir. Bununla yanaşı, "Fidan Sığorta" şirkətinin fəaliyyət lisenziyası dayandırılıb.
11 ay ərzində ölkədə fəaliyyət göstərən bütün şirkətlərin mükafatlarının ümumi həcmi 193,11 milyon manat təşkil edib (il ərzində 38,11 faiz), hesabat dövründə ödənişlər 55,95 milyon manat olub (23,02 faiz artım).
Yanvarın 10-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.