Azərbaycan, Bakı, 16 yanvar / Trend, müxbir A.Axundov/
"Atəşgah" Sığorta Qrupu rəhbərliyində kadr dəyişikliyinin baş verdiyini bəyan edib.Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
Məlumata görə, 5 yanvar 2012-cil il tarixində Əkbər Mədətli "Atəşgah Həyat" Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Yeni təyinatından əvvəl o, adıçəkilən şirkətin idarə heyəti sədrinin vəzifələrini müvəqqəti icra edirdi.
Daha əvvəl "Atəşgah Həyat" SŞ-nin İdarə heyətinin sədri vəzifəsində çalışan Aytən Hüseynova isə "Atəşgah" Sığorta Şirkətinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
"Bu barədə müvafiq qərarlar "Atəşgah Həyat" Sığorta Şirkəti Səhmdarlarının ümumi yığıncağı (20.12.2011-ci il) və "Atəşgah" Sığorta Şirkəti (23.12.2011-ci il) Səhmdarlarının ümumi yığıncağında qəbul edilib."
Əkbər Mədətli 1999-cu ildə Türkiyənin Uludağ Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin idarəetmə və biznesin təşkili fakültəsinin magistraturasını bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə "Atəşgah" Sığorta Şirkətində dəniz və energetik risklərinin sığortası mütəxəssisi olaraq başlayıb. 2004-cü ildən başlayaraq iki ildən artıq bir müddətdə ARDNŞ-nin Xarici İnvestisiyalar İdarəsində Risklərin idarə edilməsi və sığortası şöbəsinin rəisi vəzifəsində çalışıb. 2006-cı ildə "Kavkaz" SŞ-nin baş direktor müavini, 2008-ci ildən "Atəşgah" SŞ-nin İdarə Heyətinin sədr müavini, 2010-cu ildən isə "Atəşgah Həyat" SŞ-nin İdarə Heyətinin sədr müavini təyin edilib.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonlarında təsis edilib.
Sığorta qrupuna "Atəşgah" SŞ ASC və "Atəşgah Həyat" SŞ ASC daxildir.
2011-ci ilin yekunları üzrə "Atəşgah" Sığorta qrupu ölkənin sığorta şirkətləri renkinqində liderlik edir. 2011-ci il ərzində qrupun sığorta mükafatları 28 milyon manatı ötüb, ödənişləri 6,2 milyon manat təşkil edib.
"Atəşgah" SŞ müştərilərə sığortanın 20-dən çox növü üzrə xidmət göstərir.