...

“Iteca Caspian” 2012-ci ildə Azərbaycanda 23 sərgi keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2012 11:40 (UTC +04:00)
Azərbaycanda "Iteca Caspian" şirkəti tərəfindən təşkil olunan beynəlxalq sərgilər mövsümü bu ilin aprel ayında start götürəcək.
“Iteca Caspian” 2012-ci ildə Azərbaycanda 23 sərgi keçirəcək

Azərbaycan, Bakı, 7 mart / Trend/

Azərbaycanda "Iteca Caspian" şirkəti tərəfindən təşkil olunan beynəlxalq sərgilər mövsümü bu ilin aprel ayında start götürəcək. Trend-in məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Bu mövsümdə bizi ənənəvi və debüt layihələrdən ibarət 23 sərgi və konfrans gözləyir. Təşkil olunan bütün sərgilər Azərbaycanın dövlət strukturları tərəfindən rəsmi şəkildə dəstəklənir və artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il bir sıra sərgilərə şəxsən baş çəkməsi keçirilən sərgilərin əhəmiyyətini və onlara ölkə rəhbərliyi tərəfindən göstərilən diqqəti bir daha təsdiqləyir.

Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına (UFI) üzv olmağımız isə bu tədbirlərin beynəlxalq statusunu daha da möhkəmləndirir. Belə ki, burada sərgilər statistik məlumatlar və müvafiq təşkilatçılıq səviyyəsi baxımından hər il tam yoxlamadan keçərək keyfiyyət nişanına layiq görülür. İri sənaye sərgiləri həmçinin beynəlxalq strukturlar tərəfindən də dəstəklənir.
2012-ci ildə keçiriləcək beynəlxalq sərgi və konfransların tərəfdaşları qismində ölkənin aparıcı şirkət və strukturları çıxış edirlər. Onların arasında "Azerfon-Vodafone" (rabitə tərəfdaşı), "AZAL" şirkəti (rəsmi hava daşıyıcısı), "Caspel" şirkəti (texniki dəstək), "Hilton Baku" və "Qafqaz Point" otelləri (rəsmi mehmanxanalar) və "Greenwich Travel Club" (rəsmi turizm operatoru) var. Bütün sərgilər "Bakı Ekspo" mərkəzində keçiriləcək.

Sərgilər mövsümünü ölkənin turizm sahəsinin aparıcı hadisəsi - aprel ayının 12-dən 14-dək keçirilməsi planlaşdırılan 11-ci Azərbaycan beynəlxalq "Turizm və səyahətlər" ("AITF") sərgisi açacaq. Bu sərgidə 200-dən yuxarı şirkətin iştirakı gözlənilir və burada şirkətlər 60-dan çox turizm istiqamətini təqdim edəcəklər. Artıq üçüncü ildir ki, Türkiyə ardıcıl olaraq "AITF" sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir. İlk dəfə olaraq, Bolqarıstanın milli stendi (Bolqarıstan İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin dəstəyi ilə) sərgidə qonaq-ölkə statusunda iştirak edəcək. Sərgidə həmçinin Macarıstan, Gürcüstan, BƏƏ, Polşa, Slovakiya, Sloveniya, Çexiyanın milli qrupları da iştirak edəcəklər. Tədbir çərçivəsində Tailand, Seyşel adaları, Mavriki və digər ekzotik turizm istiqamətləri geniş təqdim olunacaq. Sərgidə iştirak edən yerli şirkətlərin arasında öz fəaliyyətinə bu yaxınlarda başlamış otel və mehmanxanalar da olacaq. "SW Travel" (Azərbaycan) şirkəti qeydiyyat masasının sponsoru qismində çıxış edir. "AITF" sərgisinin rəsmi hava daşıyıcısı isə "AZAL" konsernidir. "AITF" sərgisi ilə bir meydançada yerləşəcək 6-cı Qafqaz beynəlxalq "Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar" ("Horex-2012") sərgisində Avstriya, İtaliya, Almaniya, Belçika, Rusiya, Türkiyə, Ukrayna və Fransanın otel sənayesinin "La Cimbali", "Santos", "Robot Coupe", "Rational", "Winterhalter", "Karma-Global", "Rotondi", "Scotsman", "Modular", "Bonnet", "Sagi Spa", "Rovabo", "Danube International", "Muehldorfer" və "Ingrid Lesage Creations" kimi məşhur brendləri və digər şirkətlər təqdim olunacaq. Ekspozisiyanı mehmanxanalar, restoranlar və otellər üçün peşəkar mətbəx və camaşırxana avadanlıqları, məişət kimyası, parçalar və eksklüziv qablar, mehmanxanalar üçün internet vasitəsi ilə bron etmə və ödəniş sistemləri kimi informasiya texnologiyaları və bir sıra digər xidmətlər təşkil edəcək.

May ayının 15-dən 17-dək Xəzəryanı regionda qida sənayesinin ən böyük beynəlxalq sərgisi - "WorldFood Azerbaijan" artıq 18-ci dəfə yerli və xarici istehsalçı və distributorların liderlərini öz meydançasında toplayacaq. Bu il Azərbaycan, Belçika, Çexiya, Hindistan, Norveç, Rusiya, Türkiyə, Qazaxıstan və Misirdən olan şirkət və təşkilatlar öz məhsullarını nümayiş etdirəcəklər. "WorldFood Azerbaijan" sərgisi ilə eyni zamanda 6-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Agrihort Azerbaijan 2012" sərgisi və 2-ci Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk - "Plastex Caspian" sərgisi keçiriləcək. Bundan əlavə, həmin tarixlərdə Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian" sərgisinin də debütü baş tutacaqdır. Xatırladaq ki, "Ipack Caspian" regionda qablaşdırma bazarının yeganə ixtisaslaşdırılmış tədbiridir və sərgi sənayenin bütün seqmentlərini - qablaşdırma maşınları və texnologiyalarını, qablaşdırma istehsalı və tərtibatı üçün avadanlıqları, müxtəlif sənaye sahələri üçün qablaşdırma materiallarını, taralar və hazır qablaşdırmanı təqdim edəcək.

İxtisaslaşdırılmış sərgilərin bir arada keçirilməsi eksponentlərə müxtəlif sahələrin mütəxəssisləri ilə işgüzar ünsiyyət qurmaq, təcrübə mübadiləsi aparmaq, tərəfdaş və sifarişçilərdən ibarət əhatə dairəsini genişləndirmək və bazardakı mövqelərini möhkəmləndirmək üçün əlverişli mühit yaradacaq. Ziyarətçilər isə burada özləri üçün maraqlı olan bölməni tapa biləcək və yeni məhsullar, avadanlıqlar və xidmətlər haqqında məlumat əldə edərək yerli və xarici istehsalçıların müxtəlif məhsullarını dərhal sınaqdan keçirmək imkanı qazanacaqlar.

Hər il dünya energetika cəmiyyətinin diqqətini cəlb edən əsas sərgi hadisəsi - 19-cu Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası - "Caspian Oil & Gas" sərgisi isə 5-8 iyun tarixlərində keçiriləcək. "Caspian Oil & Gas" sərgisinin ən vacib və fərqli xüsusiyyətlərindən biri budur ki, sözügedən sərgi öz ənənələrini qoruyub saxlamaqla yanaşı, daim inkişaf edir. Bu il regionun neft-qaz sahəsinin ən böyük hadisəsi dünyanın 25 ölkəsini təmsil edən 300-dən yuxarı şirkəti bir araya gətirəcək. Onların arasında neft və qaz sahələrinin əsas iştirakçıları, ekoloqlar, həmçinin elm xadimləri olacaqdır. Hər il sərginin işini müşayiət edən ənənəvi "Caspian Oil & Gas" konfransı isə 6-7 iyun tarixlərində keçiriləcək. Bu il konfransda 500-dən yuxarı nümayəndənin iştirakı gözlənilir. Onlar dünya energetika bazarının müasir tendensiyaları və Xəzər regionunun bu işdə rolunu müzakirə etmək üçün bir yerə toplaşacaqlar. Həmçinin, bu il konfrans öz qonaqlarını "Hilton Baku" mehmanxanasının ərazisində qəbul edəcək.

Ötən il uğurlu debütü olmuş 2-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - "Caspian Power 2012" sərgisi 5-8 iyun tarixlərində keçiriləcək və energetika və elektrotexnika, alternativ enerji mənbələri, enerjiyə qənaət və enerjinin səmərəliliyi, kabel-keçirici məhsullar və işıqlandırma kimi sahələri, habelə geniş çeşiddə avadanlıq və xidmətləri təqdim edəcəkdir.

13-15 iyun tarixlərində keçiriləcək 11-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "TransCaspian-2012" və 2-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2012" sərgiləri isə sərgi mövsümünün yarımilliyini başa vuracaq. "TransCaspian" sərgisi hər il ən iri yükdaşıma şirkətlərini, ekspeditorları, dəmir yolları və liman operatorlarını, sığorta şirkətlərinin mütəxəssislərini, yükləmə-boşaltma avadanlıqları istehsalçılarını, habelə gömrük xidmətləri və terminalların rəhbərlərini öz meydançasına toplayaraq, yeni şirkətlər üçün Avropa və Asiyanı birləşdirən körpü kimi özünə nüfuz qazanacaq. "Road & Traffic-2012" sərgisi əsasən yol tikintisi sahəsində əldə olunmuş son nailiyyətləri, yol hərəkətinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiqini və şəhər nəqliyyatının yeni növlərinin istifadəsini işıqlandıracaq. Sərgilərin işgüzar proqramının əsas hadisəsi 14 iyun tarixində "Baku Ekspo" mərkəzində keçiriləcək "Dəniz limanları və su daşımaları" - 2-ci Beynəlxalq Nəqliyyat Konfransıdır. Sözügedən konfrans bütöv bir sahənin görüş yeri olacaq və qarşılıqlı əlaqələrin, habelə gələcək əməkdaşlığın özünəməxsus "katalizatoruna" çevriləcəkdir.

Sərgi mövsümünün sentyabr ayında start götürəcək ikinci yarımilliyində isə "Education and Career", "BIHE", "Beauty Azerbaijan", "BakuBuild", "Aqua-Therm Baku", "Caspian MebelExpo", "CaspianRealty", "CIPS Caspian" və "BakuTel" kimi ənənəvi sərgilər keçiriləcək. Bu sərgilər öz sahələrinin aparıcı şirkətlərini bir yerə toplayacaq və müasir bazarda mövcud olan əsas istiqamətlərin gerçək nailiyyətlərini, habelə ölkənin investisiya baxımından cəlbediciliyinin artmasına ciddi töhfələr verəcək innovasiyalı texnologiya və xidmətləri təqdim edəcək. Bu ilin Azərbaycan Prezidenti tərəfindən "İdman İli" kimi elan edilməsi ilə əlaqədar olaraq, 1-ci Azərbaycan Beynəlxalq İdman, İdman Ləvazimatı və Geyimi "SportExpo" 2012 sərgisi mövsümün ikinci ongünlüyünün debütü olacaqdır. "SportExpo" sərgisinin başlıca məqsədi yerli və xarici idman malları və xidmətlərinin inkişafına imkan yaratmaq, idman sənayesi müəssisələri, federasiya və klublar, idman komitələri və idman məktəblərinin məhsuldar əməkdaşlığına dəstək verməkdir.

Beləliklə, Azərbaycanda keçirilən beynəlxalq ixtisaslaşdırılmış sərgilər müvafiq sahə mütəxəssislərinin işgüzar həyatında ilin vacib hadisəsinə çevriləcək. 2012-ci ilin sərgi mövsümü bir sıra yeniliklərlə fərqlənəcək. Belə ki, bu il ilk dəfə olaraq eksponentlərin və ziyarətçilərin rahatlığı üçün "QR kod" sistemi tətbiq olunacaq (QR - ingilis dilində "quick response" sözündən götürülüb ki, bu da "operativ cavab" deməkdir). "Iteca Caspian" sərgilərinin bütün çap və reklam məhsullarında yerləşdiriləcək "QR kod" (xüsusi qrafik şəkil) sayəsində mobil qurğulardan istifadə etməklə sərgilər haqqında məlumatlara sürətli keçid almaq mümkün olacaqdır.

Bu il sərgilərin internet saytlarında işgüzar görüşlərin təyin edilməsi sistemi öz fəaliyyətini davam etdirəcək. Bu sistem tədbirdə qabaqcadan öz işinizi planlaşdırmağa, eləcə də tərəfdaş və müştərilərlə görüş təyin etməyə imkan verir. Artıq indidən ziyarətçilərin sərgilərə aktiv elektron qeydiyyatı həyata keçirilir. Arzu edənlər saytda yerləşdirilmiş elektron ziyarətçi formasını dolduraraq "Bakı Ekspo" mərkəzində qeydiyyat proseduruna sərf olunan vaxta qənaət edə bilərlər. Sərgilərdə eksponent və qonaqların rahatlığı üçün bir sıra xidmətlər də fəaliyyət göstərəcək. Bura Biznes və mətbuat mərkəzi (ödənişsiz), həmçinin kompleksin ərazisində yerləşən kafe və restoranlar daxildir. Sərgiləri ziyarət etmək istəyən insanlar üçün ziyarətçiləri sərgilərə pulsuz aparıb-gətirəcək rahat avtobuslar, eləcə də bir çox digər xidmətlər təklif olunacaq.

Beləliklə, sərgilərin növbəti mövsümü bütün sənaye sahələrinin mütəxəssis və peşəkarlarına biznesdə yeni istiqamətlər müəyyən etməyə, etibarlı tərəfdaşlarla görüşməyə, habelə yeni şirkətlərdə maraq oyadaraq onları Xəzər regionuna cəlb etməyə imkan yaratmaqla, istehsalçıdan bazara aparan ən qısa yola çevriləcək!

Xəbər lenti

Xəbər lenti