...

Azərbaycanda pensiyaçılara xidmət göstərilməsi üzrə müqavilə iki bankla imzalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 14:48 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) iki bankla pensiya kartlarının verilməsi və xidmət göstərilməsi ilə bağlı müqavilə imzalamağa hazırlaşır.
Azərbaycanda pensiyaçılara xidmət göstərilməsi üzrə müqavilə iki bankla imzalanacaq

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) iki bankla pensiya kartlarının verilməsi və xidmət göstərilməsi ilə bağlı müqavilə imzalamağa hazırlaşır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib.

69 lotdan 47-si üzrə tenderin qalibləri Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" olublar. Halbuki bu lotlardan (DSMF-nin Sumqayıt və Abşeron şöbələrində xidmət göstərilən pensiyaçıları əhatə edir) ikisi üzrə ən aşağı qiymət "Texnikabank" tərəfindən irəli sürülüb, lakin Azərbaycan Mərkəzi Bankı onun indiki vəziyyətini nəzərə alaraq, pensiyaların verilməsində risk etməyi məqsədəuyğun hesab etməyib. Buna görə də bu bankın iştirakından imtina edilib.

"Dünən tender komissiyası pensiyaçılara xidmət göstərilməsini ikinci yeri tutan "Kapital Bank"ın şöbələrinə verməyi qərara alıb. Lakin bank Sumqayıtda pensiyaçılara xidmət göstərməkdən imtina edib. Belə ki, bu şəhərdə "Kapital Bank"ın bankomat sistemi lazımi səviyyədə deyil və vəziyyətin yaxşılaşdırılmasına böyük həcmdə vəsait tələb olunur. Bununla əlaqədar olaraq, bu lotun qalibi də ABB elan edilib. Bununla yanaşı, "Kapital Bank" pensiyaçılara Abşeron rayonunda da xidmət göstərəcək", - Müslümov qeyd edib.

Hazırda ABB lotların 57 faizinə, 43 faizinə isə "Kapital Bank" iddia edir.

Qalan 22 lot üzrə yalnız iki bank (ABB və "Kapital Bank") iştirak edib. Halbuki tenderin şərtlərinə əsasən, ən azı üç namizəd olmalıdır. Bank-agentin seçilməsi prosesini təkliflər sorğusu əsasında başa çatdırmaq qərara alınıb.

"Mövcud prosesin tamamlanması üçün biz Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət etdik", - DSMF sədri deyib.

Tender prosedurunun hələ də davam etməsinə baxmayaraq, Azərbaycan bankları artıq plastik kartların birbaşa pensiyaçılara verilməsinə başlayıb. Hərçənd indiyə qədər bu proses DSMF-nin şöbələri vasitəsilə həyata keçirilirdi.

Bu, DSMF-nin fevralda keçirdiyi bank sistemi ilə plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi sisteminin təşkili üzrə işlərin satın alınmasına dair tenderin şərtlərindən biri olub. Tender təkliflərinin açılması aprelin 4-də baş tutub. Tenderdə bütün kredit təşkilatları iştirak edə bilərdi, lakin maraq beş bank - ABB, "Kapital Bank", "Texnikabank", "Xalq Bank" və "DəmirBank" tərəfdən olub.

"Tenderin şərtlərinə əsasən, yeni qaydalar mayın 1-dən qüvvəyə minir, lakin biz qərar qəbul etdik ki, banklar artıq fəaliyyət müddəti başa çatan plastik kartların yenilənməsi prosesinə başlasınlar. Əvvəllər pensiyaçılara kartların verilməsi prosesində vasitəçilər olub ki, bu da mənfi faktorların meydana çıxmasına şərait yaradırdı. İndi isə kartlar birbaşa verilir. Bu addım qaçılmaz idi və ölkədə korrupsiya ilə mübarizə və səffaflığın artırılması üzrə addımlardan biridir. Mövcud proses banklar üçün yenidir, buna görə də ilkin mərhələdə cüzi çətinliklər ortaya çıxır, lakin biz birgə səylərlə bu çətinlikləri aradan qaldırmağa çalışırıq", - Müslümov deyib.

Onun sözlərinə görə, mart-aprel aylarında təkcə Sumqayıt, Abşeron rayonu və Bakının 11 rayonunda 90 120 pensiya kartının müddəti başa çatıb. Hazırda banklarda bu kartların dəyişdirilməsi üzrə sürətli proses gedir.

Xəbər lenti

Xəbər lenti