...

"AccessBank" "Yeni jurnalistlər nəsli"ni dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 18:30 (UTC +04:00)
"AccessBank" və "British Council" çərşənbə günü "Yeni jurnalistlər nəsli" adlı layihənin başlandığını elan ediblər.
"AccessBank" "Yeni jurnalistlər nəsli"ni dəstəkləyir

Azərbaycan, Bakı, 25 aprel /Trend/

"AccessBank" və "British Council" çərşənbə günü "Yeni jurnalistlər nəsli" adlı layihənin başlandığını elan ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın yaydığı məlumatda deyilir.

Layihə "British Council" təşkilatı ilə birgə, Bakı Dövlət Universitetinin və "Thomson Foundation" dəstəyi ilə həyata keçiriləcək. Bu layihəyə jurnalistika sahəsində beynəlxalq aləmdə tanınmış peşəkarlar tərəfindən "Thomson Foundation" fondunun xüsusi proqramı üzrə aparılan tədris kursu daxildir.

Bu proqram beynəlxalq standartlara müvafiq olaraq, jurnalistika sahəsində tələbələrin bilik və səriştəsinin yüksəldilməsinə yönəldilib.

Bu gündən başlayaraq may ayının 18-dək tədris proqramında iştirak etmək üçün "British Council" ərizələri qəbul edir. Ərizə formasını və daha ətraflı məlumatı "British Council" və "AccessBank"ın rəsmi internet saytlarında əldə etmək mümkündür - www.britishcouncil.az, www.accessbank.az.

Seçilən 25 tələbə əsas məşğələlərə başlamazdan əvvəl bütünlüklə yay mövsümü ərzində sürətli ingilis dili kursu keçəcək.

2012-ci ilin sentyabr ayından 2013-cü ilin fevral ayına qədər əsas kurs keçiriləcək. Proqramın ən fəal iştirakçıları seçilərək 2013-cü ildə London və Kardiff şəhərlərinə göndəriləcək. Bu səfər zamanı məşhur qəzetlərdə, jurnallarda və digər KİV-də, o cümlədən BBC, CNN, "Reuters" agentliklərində staj təcrübəsinin keçilməsi, eləcə də Böyük Britaniyanın aparıcı jurnalistləri ilə görüşlər nəzərdə tutulur.

"AccessBank" Azərbaycanın təkcə iqdisadi deyil, həmçinin ictimai cəhətdən də inkişafı üçün çalışır və biz "British Council", Bakı Dövlət Universiteti və "Thompson Foundation" ilə birgə yeni nəsil jurnalistləri dəstəkləməyə şadıq", - "AccessBank"ın baş meneceri Endryu Pospilovski bildirib.

"British Council" mədəni əlaqələr və təhsil imkanları üzrə Britaniyanın aparıcı beynəlxalq təşkilatıdır. Təşkilat dünyanın 109 ölkəsində fəaliyyət göstərir.

"Thomson Foundation" bütün dünyada minlərlə jurnalistə müxtəlif KİV-lərin yaradılmasında və dəstəklənməsində kömək edən, mətbuatda yüksək etika və peşəkarlıq standartlarına riayət olunması üçün 100-dən artıq ölkədə fəaliyyət göstərən ən böyük Avropa təşkilatlarından biridir.

Xəbər lenti

Xəbər lenti